• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 yanvar 2020-ci il

    Azərbaycan musiqisində milli müstəqillik mövzusuna həsr olunmuş elmi seminar


    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar yanvarın 21-də aparıcı elmi işçi, "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının dosenti Ariz Abduləliyev tərəfindən keçirilmişdir. Seminarda A.Abduləliyevin "Azərbaycan musiqisində milli müstəqillik mövzusu" adlı məruzəsi dinlənilmişdir.
    Məruzəçi bu mövzunun musiqi incəsənətində yaranmasını son 30 ildə baş vermiş ictimai, siyasi, tarixi hadisələrlə əlaqələndirmişdir. A.Abduləliyev bəstəkar yaradıcılığında milli müstəqillik ideyasını əks etdirən mövzuların təsnifatını apararaq, onların tarixi, ictimai və mənəvi əsaslarını göstərmişdir. Onun fikrincə, musiqi tarixində bəstəkarların dövrün müxtəlif hadisələrinə münasibətini əks etdirən bədii faktlar çoxdur. O cümlədən, Azərbaycan bəstəkarları milli azadlıq hərəkatına, 20 Yanvar, Qarabağ, Xocalı hadisələrinə, aprel döyüşlərinə, şəhid əsgərlərə, onların qəhrəmanlığına öz vətəndaş mövqelərini ifadə edərək, bu mövzularda əsərlər yazmışlar. Bununla da yeni tarixi dövrün - müstəqillik dövrünün musiqisində azərbaycançılıq, vətənçilik və milli müstəqillik kimi humanist ideyaların bədii tərənnümünü əks etdirən müxtəlif forma və janrlı əsərlər yaranmşdır. Bu əsərlərin məzmununda bir tərəfdən matəm kədəri və faciəvilik, qəhrəmanlıq və milli qürur, bir tərəfdən qəhrəman döyüşçülərə və şəhidlərə dərin ehtiram, bir tərəfdən də milli birlik, qələbəyə inam və vətənə sevgi hissləri tərənnüm olunur. Müəllif qeyd etmişdir ki, bu mövzularda yazılan əsərlərin ideya-tərbiyəvi əhəmiyyəti vardır və onların musiqişünaslar tərəfindən tədqiq olunması aktual vəzifələrdən biridir. Məruzəçi A.Abduləliyev 20 Yanvar, Qarabağ, Xocalı hadisələrinə, aprel döyüşlərinə, şəhid əsgərlərə həsr olunmuş əsələrin gənc nəsillərə tanıtdırılmasında, onların vahid bir internet səhifəsində cəmləşdirilməsinin labüdlüyünü vurğuladı ki, bu da seminar iştirakçıları tərəfindən alqışlarla qarşılandı və bu istiqamətdə bir sıra təkliflər irəli sürüldü.
    Seminar Azərbaycan musiqisində milli müstəqillik mövzusu ilə bağlı yazılmış bəzi əsərlərin, mahnıların dinlənilməsi ilə davam etdirildi.
    Sonda seminar ilə əlaqədar öz fikir və mülahizələrini bildirən əməkdaşlar, məruzəçinin mövzu ətrafında dəqiq və peşəkar yanaşma tərzini vurğulayaraq, mövzunun aktuallığını diqqətə çatdırdılar. Bildirildiki bu tipli Azərbaycan musiqisində milli müstəqillik mövzusu ilə bağlı qələmə alınmış əsərlərin gənclərimizin milli qəhrəmanlıq ruhunun formalaşmasında əhəmiyyəti danılmazdır.


    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi
    M.Rzayeva