• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2021-ci il

    “Məktəb-studiya – 40. Təşəkkül və novatorluq” kitabının prezentasiyası

     Uğurlarla dolu böyük yol qət etmiş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası 24 dekabr 2021-ci il tarixində BMA-nın Böyük zalında “Məktəb-studiya – 40. Təşəkkül və novatorluq” adlı kitabının prezentasiyasını keçirmişdir.

    Qeyd edək ki, kitabın elmi redaktorları – SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov, tərtibçi- redaktorlar – sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Aytən İbrahimovadır.

    Məktəb-studiyanın hazırladığı bu tədbir maraq doğuran bir sıra məqamlarla yadda qalmışdır. Belə ki, burada kitabın təqdimatından əlavə məktəb-studiyanın şagird və məzunlarının bir-birindən əsrarəngiz musiqili çıxışları olmuşdur.

    Tədbirin əvvəlində məktəb-studiyanın tədris işləri üzrə direktor müavini Sevda Məmmədova yeni nəşr haqqında geniş məruzə təqdim edərək məktəb-studiyanın əsasən son 10 il ərzində həyata keçirdiyi bir çox müxtəlif tədbirlər, həmçinin bu mövzu ətrafında yazılmış resenziya və dövrü mətbuatda dərc olunmuş məqalələr haqqında məlumat verdi.

    Məruzədə qeyd olunur ki, “Təşəkkül və novatorluq” adlı kitabın təşəbbüskarı – məktəb-studiyanın yaradıcısı və direktoru professor Tərlan Seyidovdur.

    Kitabın ilk səhifələrində Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin həm Azərbaycan, həm də rus dillərində iki geniş məqalələri təqdim olunur. Öz məqalələrində Fərhad müəllim professor Tərlan Seyidovun geniş, çoxşaxəli yaradıcılığının təzahürü olmuş məktəb-studiyanın ölkənin musiqi təhsilinin inkişafında mühüm rolunu və burada işlənilmiş innovasiyalı metodların beynəlxalq səviyyədə qəbul olunmasını vurğulayır.

    Auditoriyanın nəzərinə çatdırılan fotoqalereya kitabın maraqlı məqamlarından biridir və bu fotoları izlədikçə bir daha əminliklə söyləmək olar ki, məktəb-studiyanın məqsədi – innovasiyalara istiqamətlənən səmərəli fəaliyyət nümayiş etdirməkdir.

    Fotoqalereyada məktəb-studiyanı bitirən və hal-hazırda zəngin mədəniyyətimizi dünyaya çatdıran istedadlı musiqiçilərimiz, müxtəlif Respublika və Beynəlxalq müsabiqələrdə laureat adını qazanmış şagirdlərimizin fotoları sərgilənir. Onlar həm məktəb-studiyada, həm də ölkənin digər musiqi təhsil müəssisələrində işləyirlər. Məktəbin məzunlarından bir çoxunun adı musiqi aləminə yaxşı tanışdır: dirijorlar – Fuad İbrahimov və Mustafa Mehmandarov, violonçel ifaçısı Ruslan Biryukov (Amerika); pianoçulardan Nərgiz Kəngərli, Fəqan Həsənli, Ayan Salahova, Mələk Qocayeva (Türkiyə), Anna Biryukova, Murad Abasov (Almaniya), Vüsalə Babayeva nüfuzlu beynəlxalq müsabiqələr laureatlarıdır.

    Məktəb-studiyanın təşkil etdiyi məktəbdaxili konfranslar, festivallar, pedaqoji qiraətlər, şagirdlərin konsertləri və müxtəlif musiqi müəssisələri ilə birgə tədbirlərin afişaları da fotoqalereyada nünayış olunmuşdur.

    Kitabda Uşaq Musiqi Teatrının zəngin fəaliyyətini əks etdirən fotoşəkilllər xüsusi rəngarəngliyi ilə seçilirlər. Vurğulayaq ki, məktəb-studiya daim uşaqlarda yaradıcı təfəkkürün zənginləşməsi üçün mühüm işlər görməyə çalışmışdır. Məktəb-studiyanın ilk günlərindən onun nəzdində fəaliyyət göstərən bu teatrın repertuarı maraqlı tamaşalarla zəngin olmuşdur.

    Məktəb-studiyanın fəaliyyətinin əsas özəyi olan elmi və metodiki işlər təqdim olunan fotoqalereyada geniş yer almışdır.

    Qeyd edək ki, insanın milli özünüdərki, ilk növbədə, öz milli mədəniyyətinə mənsubluq hissi, onunla fəxr və ona məhəbbət duyğusu ilə formalaşır. Məktəb-studiyanın bu səpgidə gördüyü önəmli işlərindən biri – Azərbaycan milli lad sisteminin tədrisini Respublikanın bütün musiqi məktəblərinin proqramlarına daxil etməsidir. Bununla, şagirdlər Avropa lad sistemi ilə bərabər Azərbaycan xalq musiqisinin sirlərini də kiçik yaşlarından öyrənmiş olurlar. Bu istiqamətdə bir sıra yeni vəsaitlər hazırlanmışdır.

    Məktəb-studiyanın çoxşaxəli fəaliyyətini geniş əks etdirən məruzədən sonra kitabın prezentasiyasına qatılmış mötəbər qonaqlar – Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, BMA-nın professoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Quliyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə öz çıxışlarında nüfuzu ildən-ilə artan bu müəssisənin, xüsusi ilə məktəb-studiyanın təməlini qoymuş və hal-hazırda rəhbəri Tərlan Seyidovun musiqi mədəniyyətimizin təşəkkülündəki əhəmiyyətli rolunu qeyd etmişdilər.

    Tədbirin ikinci hissəsində zəngin mədəniyyətimizi dünyaya çatdıran, müxtəlif Respublika və Beynəlxalq müsabiqələrdə laureat adını qazanmış məktəb-studiyanın şagird və məzunları Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə yanaşı müəllifləri olduqları musiqi nömrələrini tamaşaçılara təqdim etmişdilər. Məktəbin məzunları – Tural Məmmədli, Zərif Kərimova, Nərgiz Kəngərli öz ürək sözlərini, müəllimlərinə qarşı isti münasibətlərini, onlara doğma olan bu ocağın nə qədər dəyərli olduğunu bildirmişdilər.

    Təqdimatda məktəb-studiyanın xoru Tofiq Quliyevin "Alqış ana yurdumuza" və Musa Mirzəyevin "Təbiət nəğməsi"ni ifa etmişdir. Xorun rəhbəri – Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Aqil Qafulov, dirijorlar – təcrübəçi tələbələr – Fatimə Rafali və Aytən Əlirzayeva, konsertmeyster – məktəb-studiyanın məzunu, hazırda isə müəllim kimi fəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli idi.

    Tədbirdə, həmçinin, məktəb-studiyanın şagirdləri, beynəlxalq müsabiqələr laureatları Maryam Qədimova (müəllim – Səbinə Bəylərbəyova) Davud Ağalar, Yusif Məmmədli (müəllim – Dilarə Salayeva), Məhəmmədəli İbrahimov (müəllim – Firuz Hüseynov, konsertmeyster – beynəlxalq müsabiqələr laureatı Anna İsrafilova), Zərrin Şükür (müəllim – Nərminə Əliverdizadə), Nurel Kərimova (müəllim –Azərbaycan Respublikasının Əməkdar müəllimi Nərgiz Mansurova), Gülnarə Salmanova, Teymur Kazımov (müəllim – Ofeliya Axundova, konsertmeyster – Dilarə Kərimova) çıxış etmişdir.

    Tədbirin sonunda çoxsaylı Beynəlxalq və Respublika müsabiqələrin laureatı olmuş, məktəb-studiyanın şagirdi Teymur Kazımovun ifasında Aytən İbrahimovanın məktəb-studiyanın 40-illik yubileyinə həsr etdiyi möhtəşəm himni səslənmişdir.

    Sonda qeyd etməliyik ki, təqdim olunan kitab “Məktəb-studiya – 40. Təşəkkül və novatorluq” adı ilə təsadüfi adlandırılmamışdır. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası 40 il ərzində yeni-yeni fikirlərini həm nəzəri, həm də praktiki cəhətdən layiqincə həyata keçirib və bunları sözügedən kitabda əks etdirmişdir. Beləliklə, müdrik rəhbər və təcrübəli kollektiv vəhdəti məktəb-studiyanın uğurlu gələcəyinə zəmanət verir.

     

    Fərhad Bədəlbəylinin çıxışı:

    https://daytube.az/videos/77096/?fbclid=IwAR25Tz7zIDhSj44zjf0_UF0rtQOdzNjb79BnadIyBV8p-W6h3gPumrgY9uw

     Tərlan Seyidovun çıxışı: https://vestikavkaza.ru/video/Mezhdunarodnaya-konferentsiya-Kulturno-obrazovatelnoe-prostranstvo-tvorchestva-sovremennykh-kompozitorov.html