• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2022-ci il

    Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları

    19 dekabr tarixində Bakı Xoreoqrafiya Akademiyasında, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” mövzusunda elmi seminarı keçirilmiş idi.

    Rauf Bəhmənli 39 il ərzində Azərbaycanı qarış-qarış gəzərək, ustad sənətkarlar, qocaman ifaçılar ilə görüşmüş, və onlardan 500-ə yaxın qədim rəqs melodiyalarını əldə etmişdir. Bu dəyərli nümunələrin tarixini, ifa özəlliklərini, təhlil edib notlaşdırmışdır. Rauf müəllim İrəvan ərazisində vaxtilə mövcud olmuş yallı havalarının 43-ünün melodiyalarını əldə etmişdir. Onu da xatırlatmaq istərdik ki, bu yallıların not yazıları, eləcə də Yallı janrının tarixi, onların lad-məqam, metr-ritm xüsusiyyətləri, gediş hərəkətləri və s. haqqında müəllifim2018-ci ildə nəşr olunmuş “Azərbaycan yallıları” məcmuəsində eləcə də 2021-ci ildə çapdan çıxmış “Azərbaycan qədim rəqs havaları” monoqrafıyasında ətraflı işıqlandırılmışdır.

    Elmi seminarın başlanğıcında Rus imperiyasının XIX-cu əsrin əvvəllərində tarixi Azərbaycan ərazilərini xanlıqlarımızı işğal etdikdən sonra, torpağlarımıza ermənilərin yerləşdirilməsi və onlara himayə etməsi haqqında informasiya verilmişdir. Münbit və səfalı İrəvan ərazisində yerləşdirilən ermənilər, planlı şəkildə bizim torpağları mənimsəmə siyasətini yürütməyə və onlara qucaq açmış, ocağ başında yer vermiş Azərbaycan türklərini vətənlərindən sürgün etməyə, fitnələr törətməyə başlamışdılar.

    Xalq musiqimiz altında tərbiyə olunub , boya-başa çatan  ermənilərin etnik kimlikləri də bu mühitdə formalaşmışdı. Bizim musiqi örnəklərimizi, rəqsləri öyrənmiş, seir mətnlərini əvəz edib musiqisini dəyişdirmiş, beləliklə  musiqimizin başına bəlalar gətirmişlər. Bu cəhətdən ən çox “zərərçəkmiş”  Yallılar olmuşdur. Rauf Bəhmənli Yallı janrının tarixi haqda ətraflı söz açmış və Azərbaycan xalqına məxsus olduğunu bildirən bir çox sübutlar nümayiş etdirmişdir. Tarixi İrəvan əraziləsində mövcud olan yallıların üzərində tədqiqatların aparılmaması onların illər ötdükcə unudulmasına səbəb olmuşdur. Ermənilər isə onların adlarını və xoreoqrafik özəlliklərini də dəyişərək oynamış və mənimsəmişlər. Belə yallılardan, Azərbaycanın bölgələrində yayılmış, tərəkəmə tayfasının yaşam tərzinə həsr edilmiş “Köçəri” yallısı saxtakarlığa uğramış və adı dəyişdirilmişdir. “Tənzərə” yallısı təhrif olunmuş və qondarma şeir mətni ilə oxunmuşdur. Ermənilər əsl adı “Ağbulaq” olan “Hahışta” yallısını “Yarxuşta” kimi, özünkiləşdirmiş, formasını və oyun qaydalarını tamamilə pozmuşdular. Qeyd edək ki, bütün deyilənlər seminar çərçivəsində video çarxlar vasitəsi ilə nümayiş etdirilmiş və erməni saxtakarlığı ifşa edilmişdir. Erməni saxtakarlığına uğramış digər yallılardan ilk adı “Babacan” olmuş “Teymur ağa”, “Çəmənkənd” və “Tamaşa” (“Dəsmal yallısı”) havalarının mənimsənilmə faktları seminar iştirakçılarına geniş şəkildə açıqlanmışdır. R.Bəhmənlinin  seminar boyu təhlilini açıqladığı yallı havaları erməni saxtakarlığına məruz qalmış nümunələrin  çox cüzi bir hissəsidir. Rauf müəllimin seminarı dinləyicilər tərəfindən rəğbətlə və marağla qarşılanmışdır. Qloballaşan dünyada erməni saxtakarlığının dünya ictimaiyyətinə tanıdılması, unudulmuş yallılarımızın bərpası məsələsi aktuallığını qorumaqdadır. Öz tərəfimizdən Rauf Bəhmənlinin müraciət etdiyi bu mövzunun davam etdirilməsinin vacibliyini qeyd etmək və bütün işlərində ürəkdən uğurlar arzu etmək istərdik.

    Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant

    Əfəndiyev Ayxan