• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 aprel 2021-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” elmi publisistik informasiya jurnalının 27-ci sayi çapdan çıxıb

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 27-ci sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiya əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, Rauf Bəhmənli, Mehparə Rzayeva, BMA-nın əməkdaşları Röya Hüseynova, Fidan Hüseynovanın qələmindən çıxan və 2021-ci ilin yanvar-mart aylarını əhatə edən ölkənin ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılmışdır. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər və yeni layihələr haqqında xəbərlər dərc olunmuşdur.

    Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, Cənab Prezidentin Şuşa səfəri, BMA-nın həyata keçirdiyi beynəlxalq və respublika konfransları, 20 yanvar və Xocalıya həsr olunmuş anım tədbirləri, yubileylər, beynəlxalq layihələr, tələbələrimizin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.

    Onu da qeyd edək ki, jurnalın üz səhifəsi tarixi torpağımız, mədəniyyət beşiyimiz Şuşaya həsr olunub.

    Jurnalı elektron olaraq link vasitəsilə https://issuu.com/vugarhumbatov/docs/mezzo__27 oxumaq mümkündür.