• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 sentyabr 2017-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yeni bərpa olunmuş vebsayt-ın təqdimat mərasimi keçirilib


    22 sentyabr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyanın konsert zalında Bakı Musiqi Akademiyasının (BMA) yeni bərpa olunmuş vebsayt -ın təqdimat mərasimi keçirilib. Qeyd edək ki, BMA-nın rəsmi elektron saytı ilk dəfə 2002-ci ildə yaradılıb. Lakin müasir dövrümüzdə yeni texnologiyaların yaranması, yeni informasiyalara tələbatın artdığını nəzərə alaraq BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor F.Ş.Bədəlbəylinin müəllif layihəsi əsasında saytın yenilənmiş bərpası həyata keçirilib. Layihə rəhbəri – Tədris işləri üzrə Birinci prorektor, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva və layihə koordinatoru – “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun iştirakı ilə yenidən yaradılan saytın təqdimat mərasimində bir çox yeniliklərin əlavə olunması qeyd olunub.


    İlk öncə professor Tariyel Məmmədovun çıxışı əsasında sayt haqqında ətraflı məlumatlar auditoriyaya təqdim olunub. Vurğulanıb ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası yarandığı gündən etibarən tarixi fəaliyyəti (illərlə), yetişdirdiyi görkəmli şəxsiyyətlər, struktur bölmələr, xəbərlər, tələbələrin qəbul qaydaları və s. ilə yanaşı ilk dəfə olaraq tələbələr üçün musiqi lektoriyası - video mühazirələr, elektron not kitabxanası və onun ifaları, bugünəcən yazılmış dissertasiyaların kataloqu, istənilən formada not vərəqləri, əsərlərin janrlarla təsnifatı və həmçinin karaoke bölməsi, “Sibelius” proqramında iş üzrə əyani və distans tədris sistemi saytda geniş əks olunub.


    Bildiyimiz kimi bu günlərdə dahi bəstəkar Ü.Hacıbəylinin doğum günü ilə əlaqədar ölkəmizdə “Musiqi Günü” qeyd olunub. Təqdimat mərasiminin Ü.Hacıbəyli IX Musiqi Festivalı ərəfəsində baş tutması da təsadüfi deyildir. Musiqi təhsil ocağının yaradıcısı kimi, dahi şəxsiyyətin ruhuna ehtiram olaraq onun həyat və yaradıcılığı, fəaliyyəti habelə ən önəmli arxiv məlumatlar saytda geniş yer tutur. Belə ki, saytın tərkibində ilk dəfə olaraq Ü.Hacıbəylinin virtual muzeyi yaradılıb. Demək olar ki, Üzeyir bəyin bütün yaradıcılığını əhatə edən bu bölmədə eyni zamanda Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin Üzeyir bəy haqqında dəyərli fikirləri də video lent vasitəsilə təqdim olunub. Bununla yanaşı Üzeyir bəyin tələbələri – görkəmli bəstəkarlar haqqında məlumatlar da xüsusi yer tutur.


    Qeyd edək ki, səhnədə izahlı çıxışla yanaşı saytın əyani təsviri də nümayiş olunub.


    Daha sonra BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor F.Ş.Bədəlbəyli saytın yaradılmasını uğurlu bir addım kimi qiymətləndirərək öz fikirlərini və təbriklərini dilə gətirib. Rektor qeyd edib ki, “bu əslində möhkəm bir silahdır. Çünki öz tarixini, öz arxivini qoruyan xalq hər zaman uğur qazana bilər. Bu tək musiqi deyil, bu bir müharibədir və Üzeyir bəy öz əsərləri ilə bu müharibədə iştirak edir.” Rektor eyni zamanda əziyyət çəkən kollektivə öz minnətdarlığını da bildirib.


    Ardınca Asəf Zeynallı adına Musiqi texnikomunun direktoru, professor Nazim Kazımov hörmətli rektorun təbriklərinə qoşularaq bu işdə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.


    Təqdimat mərasimi tələbələrin hazırladığı musiqili konsert proqramı ilə davam edib. BMA-nın I kurs tələbəsi Heydərli Nigarın ifasında Ü.Hacıbəyli “Sənsiz”, III kurs tələbəsi, Prezident təqaüdçüsü İbrahimova Aytənin ifasında F.Əmirov “Məhəbbət rəqsi” (müşayiət edən: Respublikası və Beynəlxalq müsabiqələr laureatı Usubova Züleyxa), Respublikası və Beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicatın ifasında F.Əmirov “Baharımsan” və “Sevgili Canan” (müşayiət edən: Kərimova Dilarə) əsərləri səsləndirilib.