• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2020-ci il

     Dirijor pultu arxasında keçən ömür

    Adı: Həmidə

    Soyadı: Hacəliyeva

    İxtisas: Musiqişünas

    Kurs: I

    Mövzunun adı:

     

     Dirijor pultu arxasında keçən ömür. 

      Azərbaycanımızın cənnət məkanı olan Qarabağ yalnız əsrarəngiz təbiəti, yeraltı və yerüstü sərvətləri, tarixi abidələri ilə deyil, həmçinin yetişdirdiyi dahi şəxsiyyətləri, poeziyası, musiqi və yaradıcılıq ənənələri ilə məhşurdur. Sözsüz ki, Qarabağın yetişdirdiyi incəsənət xadimlərinin adları sadalanmaqla bitməz, lakin mən bu gün böyük məsuliyyət və iftixar hissi ilə şərqin ilk dünya şöhrətli dirijoru Niyazi haqqında danışmaq istəyirəm.

      Niyazi yarıməsrlik yaradıcılıq fəaliyyətində musiqi zirvəsinin fəzalarında qartaltək qanad açıb süzdü. Onun möcüzəli əlləri vardı. Əbəs yerə demirlər ki, maestro əlləri ilə görür, gözləri ilə eşidirdi. Niyazinin fenomenliyi həm də onda idi ki,  bir dəfə baxmaqla partituranı əzbərləyirdi. O, təkcə əlləri, gözləri, qulaqları ilə yox, beyni, ürəyi – bütün varlığıyla musiqini içinə çəkirdi. Hər hansı ifada maestronun ürəyinin hərarətini, beynindən süzülüb gələn ağlın-zəkanın duyumunu, Niyazi istedadının gerçək təzahürünü görüb, hiss etmək mümkündür. Pult arxasında möcüzəli əlləri ilə orkestrı vəcdlə səsləndirən Niyazi cazibəsinin əsiri olan tamaşaçılar aramsız alqışların müşayiəti ilə qızğıncasına belə çığırırdı: “ Ən böyük Niyazi, ondan böyük yox! ”. Onu “musiqi kralı” sayanlar da var idi.

      Bəziləri deyirdilər ki, Niyazi həddən artıq ötkəm, ağır təbiətli, çox tələbkardır. Tamamilə doğrudur. Fikrimcə, dahilər elə belə də olmalıdırlar. Fəqət onu yaxşı tanıyanlar bilirdilər ki, o, eyni zamanda uşaq təbiətli, ürəyiyumşaq insan idi. Xeyirxah və mərhəmət sahibi kimi çoxunu “ayağa qaldırmışdır”.

      Niyazi bu çoxşaxəli fəaliyyətində istedadlı pedaqoq kimi də çıxış etmişdir. Ondan dərs almış hər bir kəs sonradan sənətin uca zirvəsinə qalxmış, dünya şöhrəti qazanmışdır. Bu tələbələr siyahısında Lütfiyar İmanov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımova bacılarının adlarını çəkmək olar. Sənətkarın tələbələrindən biri olan Xalq artisti, professor Fərhad Bədəlbəyli onun haqqında bu sözləri demişdir: “Niyazi sadəcə dirijor deyildi. O, bütün varlığı ilə musiqiyə bağlı, əsil sənət fədaisi idi. Sənəkar ifa etdiyi əsəri əvvəlcə varlığından keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi.”

      Niyazi həqiqətən dahi idi. İstedadlı bəstəkar, dirijor, ictimai xadim olan Niyazinin bənzərsiz fərdi yaradıcılığı sayəsində Azərbaycan simfonik musiqisi respublikamızdan uzaqlara ayaq açmış, geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır. Həm fenomenal dirijorluğu, tələbkar idarəçiliyi, Azərbaycan musiqisinə bəxş etdiyi əsrarəngiz əsərləri, həmçinin də, xeyirxah işləri ilə Niyazi mədəniyyətimizə, xüsusən də, musiqi sənətinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması məhz Niyazinin adı ilə bağlıdır. Onun təqdimatında milli bəstəkarların bir çox əsərləri dünya musiqisinin qızıl fonduna daxil edilmişdir. Niyazi Ü.Hacıbəylinin “Koroğlu”, M.Maqomayevin “Nərgiz”, Q.Qarayevvə C.Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, o cümlədən, xarici bəstəkarlardan Çaykovskinin “Qaratoxmaq qadın”, J.Bizenin “Karmen” və sair kimi möhtəşəm əsərlərini tamaşaya hazır etmişdir. Lakin dirijor Niyazi ilə müqayisədə bəstəkar Niyazi yaradıcılığı da böyük önəm kəsb edir. Onun saysız-hesabsız mahnıları, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqi, “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti, “Vətən haqqında mahnı” və sair əsərləri bəstəkar Niyazi böyüklüyünün özül daşlarıdır. Bu örnək və öndər bəstəkar SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı  laureatı, Sosialist Əmək Qəhrəmanı, Dirijorların ümumittifaq baxışının laureatı və xüsusilə də məhşur hind yazıçısı Robindrat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatına qazanmışdır.

      Onu da qeyd edək ki,  Niyazi Azərbaycan  və dünya musiqisinin mahir interpretoru olub. Aydın məsələdir ki, bu möhtəşəm əsərləri xalqa sevdirməsi sənətkardan xüsusi məharət tələb edir. Bu baxımdan hələ neçə-neçə nəsillər əbədiyaşar Niyazi məktəbindən bəhrələnəcəklər. Hamının da ürəyindən bir fikir keçəcək: “Ruhun şad olsun, ustad! ”

     

    İstifadə olunmuş ədəbiyyat: Azərbaycan musiqi tarixi

    Müəlliflər: S.Qasımova, Ü.İmanova, Z.Abdullayeva.