• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi

    2020-ci il fevral ayının 17-dən 24-dək Bakıda gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək. Açılış mərasimi isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutacaqdır.
    Müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq. “World harmony” müsabiqənin məqsədi klassik və folklor musiqinin populyarlaşdırılması və geniş təbliğidir. Müsabiqədə yaş həddi 6-40 arası olan iştirakçılar solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilər.
    Burada instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.
    Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
    Müsabiqənin münsiflər heyətində Azərbaycan, Belarus, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çex Respublikası, Rusiyadan dəvət olunmuş mütəxəssislər təmsil olunur.
    Keçiriləcək müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
    Müsabiqənin bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.