• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 may 2019-cu il

    Bakı Dövlət Universitetində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasından erməni plagiatına qarşı növbəti bir addım

    Mayın 6-da Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin təsdiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının bir qrup elmi işçiləri Bakı Dövlət Universitetin Tarix fakültəsinin dekanlığının təşkilatçılığı ilə elmi seminar keçiriblər. Fakültənin dekanı, dosent Azad Rzayev həmin tədbirdə giriş sözü ilə çıxış edərək BDU-nun 2019-cu ildə 100 illik yubileyi ilə bağlı keçirilən həmin seminarın silsilə tədbirlərdən biri olduğunu vurğuladı. O, iki qocaman ali tədris müəssisəsilərinin birgə keçirdiyi bu tədbiri çox yüksək dəyərləndirdi. Tədbirdə BDU-nun professor - müəllim heyəti və tələbələr də iştirak edirdi. Daha sonra söz elmi -tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadəyə verildi. O, öz növbəsində bu tipli tədbirlərin keçirilməsinin əsas məqsədi kimi professional musiqimizin təbliği və erməni saxtakarlığına qarşı aparılan tədqiqat işlərinin ictimaiyyətə çatdırılmasının vacib məsələ olduğunu qeyd etdi və seminarın təşkil olunmasında Tarix fakültəsinin dekanı Azad Rzayeva yaratdığı şəraitə görə BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin adından təşəkkürünü bildirdi. Tədbirdə elmi seminarın məruzəçisi, elm -tədqiqat laboratoriyanın elmi işçisi Rauf Bəhmənliyə söz verildi. Rauf Bəhmənli “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” mövzusunda slaydlarla zəngin, musiqi nömrələrinin fonunda hazırladığı elmi məruzəsini seminar iştirakçılarına təqdim etdi. Məruzəçi Rauf Bəhmənli uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində XX əsrin 1927-ci ildə Müslüm Maqomayev tərəfindən toplanılmış çox saylı Azərbaycan xalq rəqslərindən ibarət topluya müraciət etdi və onların əksəriyyətinin erməni bəstəkar və ifaçılarının plagiatına məruz qaldığını qeyd etdi. Bu faktı slaydlarda göstərilən konkret musiqi nömrələri ilə təsdiq etdi.
    BDU-nun müəllim-tələbə heyəti tərəfindən maraqla dinlənilən məruzənin sonunda tədbir iştirakçıları suallar ünvanladı. Müzakirədə professor Şirin xanım Bünyatova, “Slavyan xalqları” kafedrasının müdiri, dosent Abu-Talıb Cəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfayət Fərəcov, “Erməni araşdırmaları” elmi-tədris mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi və digərləri də iştirak edirdi. Eyni zamanda tədbirdə BMA-nın elmi-tədqiqat laboratoriyanın müdiri Nuridə İsmayılzadə, baş elmi işçi, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi Zeynal İsayev, elmi işçilər Sevda İsayeva, Könül Əhmədova, Ayxan Əfəndiyev və tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı kimi Əli Əliyev iştirak edirdilər.Tədbirin sonunda BDU-nin Tarix fakültəsinin dekanı Azad müəllim Rzayev gələn qonaqlara Universitetin rəhbərliyi adından dərin minnətdarlığını bildirərək belə elmi seminarların davamlı olmasını arzu etdi.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    dosent,elmi tədqiqat laboratoriyanın müdiri
    Nuridə İsmayılzadə