Əziz dostlar!
İnternet imkanları ilə Siz, müsəlman Şərqinin və müasir Avropanın musiqi ənənələrini sintezləşdirməyə nail olmuş, Şərqdə ilk konservatoriyalardan biri – 80 illik şanlı tarixə malik Bakı Musiqi Akademiyası ilə tanış olmaq imkanı qazanırsınız. Biz isə, İnternet vasitəsilə dünyanın yüz minlərlə insanı ilə ünsiyyətə girmək şansından çox qürurluyuq.
1921-ci ildə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmış Azərbaycan Dövlət Konservatoriyası (1994-cü ildən Bakı Musiqi Akademiyası) Azərbaycanın aparıcı ali musiqi ocağıdır.
Bizim professor-müəllim heyəti sırasında beynəlxalq müsabiqələr laureatları, dünyada tanınmış bəstəkarlar, alim-tədqiqatçılar var. Avropa musiqi alətlərinin tədrisi ilə yanaşı Şərq klassik müsiqi alətləri ilə məşğul olan elmi laboratoriyaların da fəaliyyəti beynəlxalq aləmdə geniş rezonans yaratmışdır.
Bakı Musiqi Akademiyasında dünyanın ən tanınmış musiqiçilərindən Mstislav Rostropoviçin, Bella Davidoviçin ustalıq dərsləri keçirilir. Akademiyanın məzunları Rusiyada, Turkiyədə, Fransada, Gürcüstanda, Hollandiyada keçirilən beynəlxalq müsabiqələrdə böyük uğurla çıxış edir, bir sözlə, Bakı Musiqi Akademiyası milli və dünya musiqi ənənələrinin layiqli davamçısı kimi bu gün fəaliyyətini yüksək səviyyədə davam etdirir. BMA-nın məzunlarına dünyanın onlarca ölkəsində – musiqi məktəbləri və orkestrlərində rast gəlirik.
Biz əminik ki, Bakı Musiqi Akademiyasının saytı ilə tanışlıqdan məmnun olacaq, bizimlə faydalı, qarşılıqlı əlaqələr quracaqsınız.
Bakı Musiqi Akademiyasının rektoru
SSRİ xalq artisti,
Azərbaycan xalq artisti
professor F.Ş. Bədəlbəyli
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||