• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 aprel 2023-cü il

    7 aprel 2023-cü il tarixində  Ümumtürk irsinin qorunması, dünyada təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirildi.

    Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli imzaladılar.

    Mərasimi giriş sözü ilə açan Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, onları Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin ocağında görməkdən şad olduğunu bildirdi. O, Bakı Musiqi Akademiyasının ümumi fəaliyyətindən söz açaraq, Akademiyanın məzunlarının Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil etdiklərini vurğuladı. Rektor Bakı Musiqi Akademiyası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun imzaladığı Memorandumu türk dövlətlərinin musiqi sənətinin bir araya gətirilməsinə yönəlmiş addım kimi qiymətləndirdi. Fərhad Bədəlbəyli Türk Dünyasının sənət adamlarının eyni kökdən olan türk xalqları arasında müasir dövrdə mədəni əlaqələrin gücləndirilməsinə dəstək vermək üçün hər zaman hazır olduqlarını bildirdi. Rektor Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, təşkilat ilə birgə əməkdaşlığın ümumtürk musiqisinin və incəsənətinin inkişafına önəmli töhfələr verəcəyinə inandığını qeyd etdi.

    Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yaşı 100 ildən artıq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycanda peşəkar musiqiçi kadrların yetişməsində mühüm rol oynadığını nəzərə çatdırır. G.Əfəndiyeva mərasimin Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” fəxri statusunu daşıdığı ilə təsadüf etməsinə diqqəti çəkdi. Fondun prezidenti Şuşanın bütün Türk Dünyasında zəfər və qürur rəmzini ifadə etdiyini vurğuladı. O, təşkilat tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə təbliği yönündə başladılan geniş miqyaslı layihələrdən söz açdı. Günay Əfəndiyeva ötən il Fondun ilk dəfə Azərbaycanın hüdudlarından kənarda - Türkiyənin Bursa şəhərində həyata keçirdiyi “Şuşa Günləri”nin yaxın zamanda Özbəkistanın paytaxtı Daşkənddə davam etdiriləcəyini bildirir. O, türk xalqlarının dünya xalqları ilə yaxınlaşdırılmasının Fondun əsas məqsədləri sırasında yer aldığını da qeyd edir. Fondun prezidenti təşkilatın musiqi sahəsində fəaliyyətindən bəhs etdi. Günay Əfəndiyeva bildirir ki, imzalanan Anlaşma Memorandumu birgə layihələrin keçirilməsi, fərqlənən tələbələrə mükafatların verilməsi, Akademiyanın müəllim heyətinin mütəxəssis şəklində təşkilatın tədbirlərinə cəlb olunması və digər bu kimi məsələlərə imkan yaradır. O, Fondun əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən bəhs edir. Günay Əfəndiyeva onların əsasında böyük Şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasının, qarşılıqlı mədəni-mənəvi mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırdı.

    Ardınca Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tərəfindən tədbirin bədii hissəsi açıq elan olundu. 

    Təntənəli konsert proqramında Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın (bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) müşayiətilə Bakı Musiqi Akademiyasının müəllimləri və tələbələri tərəfindən  Türk xalqlarının milli musiqisi, mahnıları səsləndirildi.

    Dinləyicilərin böyük zövqünü oxşayan tədbir gurultulu alqış sədaları altında başa çatdı.

     Qeyd edək ki, mərasimdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Fonda üzv və digər ölkələrin səfirləri və nümayəndələri, Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak etdilər.