• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 may 2025-ci il

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında "Azərbaycanın cənub bölgəsində yaşayan Talış etnosunun folklor nümunələri" adlı seminar keçirilmişdir

     

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında, 08 may 2025-ci il tarixində Azərbaycan mədəniyyətinin zəngin sərvətlərindən biri olan Talış etnosunun folklor nümunələrinə həsr olunmuş elmi seminar keçirildi. Seminarın məruzəçiləri: Xalq artisti, dosent və baş elmi işçi Zümrüd Məmmədova və BMA-nın doktorantı, elmi işçisi Abdullayeva İlahə Qismət qızı idi. Cənub bölgəsində həyata keçirilmiş ekspedisiyalar nəticəsində toplanmış çoxsaylı folklor nümunələrini təqdim etdilər. Təqdim olunan materiallar arasında xalq mahnıları, halay musiqisi və digər folklor nümunələri yer almışdır.

    Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının rəhbərliyinin məsləhəti, istiqamətləndirməsi və ekspedisiya işçilərinin şəxsi təşəbbüsü nəticəsində  cənub bölgəsində aparılan araşdırmadan maraqlı materiallar əldə edilmiş, tədqiqat üçün geniş imkanlar açılmışdır. Xüsusilə xalq artisti, dosent, baş elmi işçi Zümrüd Məmmədovanın bu mövzuda əziyyəti vurğulanmalıdır. Mövzu BMA-nın elmi və mədəniyyət fəaliyyətində bir istiqamət kimi mühüm əhəmiyyətə malikdir. Məruzəçilər Talış xalqının çoxəsrlik musiqi və folklor ənənələrini, tədqiqatlar fonunda, elmi nəticələr əsasında işıqlandırdı.

    Bildiyimiz kimi multikultural ölkə olan Azərbaycanımızın daxilində azsaylı xalqların mədəniyyəti, ənənələri daima qorunaraq, sevgi və qayğı çərçivəsində yaşadılır. Bu ənənələr qədim, köklü musiqi mədəniyyəti ilə qarşılıqlı təsirdə inkişaf edib. Azsaylı xalqların mədəniyyəti sırasında talış folkloru özünəməxsusluğu ilə fərqlənməkdədir. İstər dil fərdiliyi baxımından, istərsə də ifa tərzi, qrupla oxuma ənənələri istiqamətindən olduca parlaq olub, xüsusi nəzərə çarpan talış xalqının musiqi mədəniyyəti bu seminar ilə növbəti dəfə tədqiqata cəlb edildi.

    Talış xalqı Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad) yaşayan qədim və zəngin mədəniyyətə malik etnoslardan biridir. Onların musiqi mədəniyyəti Azərbaycan musiqi irsinin ayrılmaz və zəngin tərkib hissəsini təşkil edir. Seminar zamanı mütəxəssislər tərəfindən bu etnosun musiqi və folklor ənənələrinin akademik təhlili aparılmış, eləcə də, qeyd edilən nümunələrin nota alınması və elmi metodlarla təhlili üzərində işlənmişdir.

    Tədqiqatçılar tərəfindən şəxsi ekspedisiyalar əsasında toplanmış folklor nümunələri detallı şəkildə qeyd olunmuş, nota alınmış və müxtəlif elmi analiz metodları ilə təhlil edilərək Azərbaycan musiqi mədəniyyəti kontekstində açıqlanmışdır. Seminar daxilində elmi nəticələr və ekspedisiyalarda toplanan materialların emalı haqqında geniş çıxışlar edilmişdir. Gələcəkdə bu seminarların silsilə xarakterdə, hesabat formasında aparılacağı vurğulanmışdır.

    Ümumilikdə, seminar dinləyicilərin rəğbət və marağına səbəb olmuşdur. Sonda iştirakçılar və məruzəçilər arasında mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılmış, cənub bölgəsinin zəngin folklor irsinin öyrənilməsi və təbliği istiqamətində təkliflər irəli sürülmüşdür. Seminar Azərbaycan mədəniyyətinin və etnomusiqisinin müxtəlif aspektlərinin daha dərindən öyrənilməsi üçün stimul yaratmışdır.

     

    MƏMMƏDOVA ZÜMRÜD MÖVLUD qızı

    Xalq artisti, dosent, BMA-nın elmi

    tədqiqat laboratoriyasının baş elmi işçisi

    ABDULLAYEVA İLAHƏ QİSMƏT qızı

    BMA-nın doktorantı və elmi işçisi