• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 oktyabr 2025-ci il

    Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəyli – 140” adlı dəyirmi masa keçirildi.

    21 oktyabr 2025-ci il tarixində Bakı Musiqi Akademiyasında (BMA) “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli – 140” adlı dəyirmi masa keçirildi. Tədbir dahi bəstəkar, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuşdur.

    Tədbiri giriş sözü ilə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva açaraq, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və onun zəngin irsinin bu gün də gənc nəsil üçün örnək olduğundan danışmışdır.

    Daha sonra “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev “Tarix qoruyanlardan biri” mövzusunda çıxış edərək, Üzeyir bəyin milli-mədəni dəyərlərin qorunmasında və musiqi maarifçiliyinin formalaşmasında oynadığı rolu vurğulamışdır.

    Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi Yeganə Rəhnulla “Müəllifi məlum olan musiqi əsərlərinin əlyazma nüsxələri” mövzusunda təqdimatla çıxış edib.

    Kafedranın dosenti Mehriban Cavadova “Üzeyir Hacıbəyli və Füzuli yaradıcılığında Leyli və Məcnun” mövzusunda məruzəsində iki böyük sənətkarın əsərləri arasında mənəvi və estetik bağlılıqları təhlil etmişdir.

    AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nailə Səmədova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev arxivlərinə bir nəzər” adlı çıxışında görkəmli bəstəkarların yaradıcılıq irsinə dair maraqlı faktları diqqətə çatdırmışdır.

    İnstitutun böyük elmi işçisi Aytən İmanova “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda çıxış edərək, bəstəkarın milli azadlıq və maarifçilik ideyalarının formalaşmasında mühüm rolunu qeyd edib.

    Filologiya üzrə fəlsəfə doktoru, kafedranın baş müəllimi Yaqut Quliyeva “Üzeyir Hacıbəylinin publisistik fəaliyyəti” mövzusunda məruzəsində sənətkarın publisistika sahəsindəki töhfələrindən söz açıb.

    Dəyirmi masa Bədii hissə ilə yekunlaşdı.