• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 fevral 2026-cı il

    Azərbaycanın şifahi folklor irsi milli mədəniyyətin dərin qatlarını əks etdirən zəngin bir xəzinədir və dərin tarixi köklərə malikdir. Bu sahənin elmi tədqiqi, onun sistemli şəkildə araşdırılması folklorşünaslıq elmi üçün aktual mövzu olaraq qalır.

    Bu məqsədlə Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü sayəsində həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihə çərçivəsində 2026-cı il 16 fevral tarixində Şağan kəndinin tanınmış simalarından biri olan xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikov ilə görüş keçirildi. Tədbirdə onun övladları, xanəndə Hüseyn və Samir Məlikov qardaşları, həmçinin yerli sakin, kənd ağsaqqalı, musiqiçi-tarzən Əlixan Məlikov da iştirak edirdi. Bu görüş folklor və musiqişünaslıq baxımından maraqlı və dəyərli məlumatlarla zəngin olmuşdur.

    Görüş zamanı Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyeva tədbir iştirakçılarına kəndin folklor mühiti, el adət-ənənələrinin qorunması və onların yaradıcılıq yolunun formalaşmasına təsir edən amillərlə bağlı suallar ünvanlamışdır.

    Xanəndə doğulub boya-başa çatdığı kəndin tarixi, tanınmış simaları, el adət-ənənələri və öz yaradıcılıq yolu haqqında ətraflı məlumat vermişdir. Şağan kəndində yetişmiş, tanınmış sənət adamları və ictimai xadimlər haqqında xatirələrini bölüşərək yerli mədəni mühitin formalaşmasında onların rolunu vurğulamışdır. Aqil Məlikov öz yaradıcılıq fəaliyyətindən, muğam sənətinə gəlişindən, ustad  sənətkarlarla əlaqələrindən və repertuarının formalaşma mərhələlərindən də söz açmışdır. Belə məlumatlar regional musiqi və mədəniyyət tarixinin tədqiqi üçün mühüm mənbə kimi qiymətləndirilə bilər.

    Tədbir zamanı Əlixan Məlikov kəndin görkəmli şəxsiyyətləri, ziyalıları barədə geniş məlumat vermiş, onların mədəni və ictimai həyatdakı rolunu xüsusi vurğulamışdır. Onun kəndin tarixi şəxsiyyətləri barədə verdiyi məlumatlar həmin bölgənin mədəni və sosial həyatının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

    Ümumilikdə, bu görüş həm musiqişünaslıq, həm də folklorşünaslıq baxımından elmi əhəmiyyət kəsb edən məlumatların əldə olunmasına şərait yaratmışdır. Toplanan materiallar gələcək elmi araşdırmalar üçün dəyərli mənbə kimi istifadə oluna və Azərbaycan musiqi mədəniyyətinin regional xüsusiyyətlərinin öyrənilməsinə töhfə verə bilər.