25 fevral 2026-cı il
2026-cı ilin fevralında böyük alim, etnomusiqişünas, musiqi antropoloqu İzali Zemtsovskinin 90 illiyi qeyd olunur.
Zemtsovski fundamental tədqiqatlar müəllifi, onlarla alim yetişdirmiş görkəmli pedaqoqdur. Onun tələbələri arasında azərbaycanlı musiqişünaslar, o cümlədən Faiq Çələbi də var. Muğamın vurğunu olan Zemtsovskini Azərbaycan musiqisinin əsl dostu adlandırmaq olar. Alimin yubileyi Bakıda da qeyd olunub. Fevralın 25-də Milli konservatoriyada "Ənənəvi musiqi mədəniyyəti İzali Zemtsovskinin elmi konsepsiyası işığında" adlı elmi konfransda Milli Konservatoriyanın rektoru Kamilə Dadaş-zadə, ADMİU-nun rektoru Ceyran Mahmudova, habelə Rəna Məmmədova, Tahirə Kərimova, Gültəkin Şamilli, Züleyxa Abdullayeva, Məleykə Adgözəlli çıxış ediblər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını Tariyel Məmmədov və Zümrüd Dadaşzadə təmsil ediblər. Fevralın 26-da Z.Dadaşzadə habelə Rusiya Sənət Tarixi İnstitutunun (Sankt-Peterburq) təşkil etdiyi "İnsan folklorun güzgüsündə" Beynəlxalq konfransında iştirak edərək, maraqla qarşılanan "Qaynaqlardan üzü gələcəyə: İ.İ. Zemtsovski ideyaları və Azərbaycan bəstəkarlıq musiqisi" adlı məruzəsini təqdim edib. Hər iki konfransda söz alan yubilyar Azərbaycan musiqisinə səmimi sevgisini dilə gətirib. Muğam ilə tanışlıqdan sonra o, "hər bir musiqiçi hiss edir ki, onun daxilində bir azərbaycanlı yaşayır" qənaətinə gəlib. Muğamla təmas nəticəsində onun musiqi dünyasında Avropa mədəniyyətinin sütunlarından biri olan Baxla yanaşı muğamın yer almasını xüsusi vurğulayan alim bu hadisəni "Muğam Sebastyan Bax" kimi səciyyələndirib. Zemtsovski son tədqiqatının — "Musiqi varlığının antropologiyası" — konsepsiyasının məhz Azərbaycan alimləri tərəfindən qəbul olunmasını məmnunluq hissi ilə qeyd edib. Alim musiqi ilə məşğul olmağı böyük bir xoşbəxtlik adlandırıb.
Sözügedən Beynəlxalq konfransda Azərbaycanı habelə Tahirə Kərimova və Rəna Məmmədova təmsil ediblər.



