• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 fevral 2026-cı il

     Xocalı – xalqımızın unudulmayan faciəsi

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının, Akademiyanın “Musiqi tarixi” kafedrasının tələbələrinin müştərək iştirakı ilə “Xocalı – xalqımızın unudulmayan faciəsi” adlı elmi seminar keçirilib.

     XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Xocalı adlı kiçik bir şəhərdə baş verənlər insanlığın ən ağır faciələrindən birinə çevrildi.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində yüzlərlə insan həyatını itirdi, minlərlə insan yaralandı və əsir götürüldü. O gecə körpələrin səsi susdu, anaların naləsi göyə yüksəldi, tarix isə qanla yazıldı.

    Bəzən tarix susmur — o, ağrını, itkini və həqiqəti nəsildən-nəslə ötürür. Xocalı soyqırımı da məhz belə unudulmayan həqiqətlərdən biridir. Bu faciə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı, ədalətin bərqərar olması üçün daim xatırlanmalıdır.

    Elmi seminarı giriş sözü ilə Akademiyanın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq Xocalı soyqırımının faciəsi haqqında ətraflı məlumat verib. Bununla yanaşı, “Musiqi tarixi” kafedrasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva da öz çıxışında Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biri olduğunu, bu hadisənin tarix boyu unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.

    Tədbirdə Xocalı faciəsinə həsr olunmuş “Hədəf” bədii-sənədli filmindən bir fraqmentin nümayişi olunub.

     Seminarda həm elmi-tədqiqat laboratoriyasının əməkdaşları və həm də “Musiqi tarixi” kafedrasının tələbə heyəti çıxış ediblər. Belə ki, elmi-tədqiqat laboraqtoriyasının böyük elmi işçisi Əli Əliyev “XX əsrin faciəsi – Xocalı soyqırımı”, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirova “Azərbaycan bəstəkarlarının əsərlərində Xocalı faciəsi”, elmi işçi Günay Həsənova “Xocalıya Ədalət: həqiqətlərin dünyaya çatdırılması”, “Sabah” qrupunun “Tarix-nəzəriyyə” fakultəsinin I kurs tələbələri Validə Hacıyeva “Ağrıdan sənətə Xocalı soyqırımının musiqidə təcəssümü”, Gülcan Əhmədova “Ədəbiyyatda Xocalı”, II kurs tələbələri Nəzrin Məmmədova “Xocalı can yaddaşımız”, Ayşən Rəfizadə “Xocalı mövzusu kinofilmdə”, Dürnisə Hüseynova “Xocalının intiqamı” adlı maraqlı çıxışlar dinlənilib.  Əsasən də bu tarixi faciənin, Xocalı soyqırımının təcəssümü tələbələrimizin vətənpərvər çıxışlarında öz əksini tapıb.  Fərəhlə demək olar ki, bu tarixi faciə, Xocalı soyqırımı heç vaxt, heç zaman yaddaşlardan silinməyəcək. 

    Tədbirin bədii hissəsində bəstəkar, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rüfət Ramazanovun Xocalı soyqırımına həsr etdiyi “And” poemasına hazırlanmış video-çarx və elmi işçi Nigar Bayramovanın ifasında Xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeiri təqdim olunub.

    Seminarda Elm və innovasiya məsələləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, f.e.d., professor Gülnaz Abdullazadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor,Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, «Simli alətlər» kafedrasının müdiri,Xalq artisti, professor Şəhla İbrahimova, «Musiqi nəzəriyyəsi» kafedrasının müdiri,BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Könül Nəsirova, professor, Xalq artisti Zəhra Quliyeva, aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru,  professor  Arif  Əsədullayev, Xalq artisti Zümrüd Məmmədova,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova,  laboratoriyanın əməkdaşları, müəllim və tələbə heyəti iştirak ediblər.

    Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Xocalı şəhərinə Azərbaycan bayrağının sancılması yalnız bir rəmzi addım deyil, həm də illərlə həsrətində olduğumuz ədalətin bərpasının parlaq təcəssümü oldu. Bu an, Xocalı qurbanlarının ruhuna ehtiramın, xalqımızın sarsılmaz iradəsinin və tarixi yaddaşının qələbəsi kimi yadda qaldı. Dalğalanan üçrəngli bayraq artıq yalnız azad edilmiş torpağın deyil, həm də həqiqətin və haqqın zəfərinin rəmzinə çevrilib.

     

    Nəsirova-Əhmədova Fidan

    “Şifahi ənənəli Azərbaycan  musiqinin

     və yeni istiqamətlərin tədqiqi” adlı

    emi laboratoriyanın elmi işçisi