• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr 2021-ci il

    3 dekabr 2021-ci il tarixində Ramiz Mustafayev adına İncəsənət Muzeyində Bakı Kamera Orkestrinin konserti keçirildi.  

    Qeyd edək ki, Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovadır. Bakı Kamera Orkestrinin ifasında dinləyicilərə əsrarəngiz klassik, həmçinin müasir Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Konsertdə  E.Qriqin "İki şimal melodiyası", F.Bədəlbəylinin "Poema", solist Nəzrin Aslanlının ifasında G.Eneskunun skripka və orkestr üçün Ariya və Skertsino, A.Əlizadənin "Kənd" suitasından "Muğam və Rəqs",  R.Vaqnerin "Zigfridin idilyası" əsərləri səsləndirildi. Böyük rəğbət hissi ilə qarşılanan musiqiçilərin parlaq ifaları yenidən arzuolunan olduğundan, tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etmək üçün A.Əlizadənin "Kənd" suitasından "Muğam və rəqs" əsəri yeni ifa olundu. Tamaşaçıların zövqünü oxşayan rəngarəng konsert proqramı gurultulu alqış sədaları altında sona çatdı. 

    Konsertdə qonaq qismində Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini, alim, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Xalq artisti Zəhra Quliyeva, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Bakı Kitab Mərkəzinin müdiri Günel Anarqızı, R.Mustafayev adına İncəsənət muzeyinin müdiri Çingiz Fərzəliyev, Bakı Mədəniyyət Baş İdarəsinin müdiri Cəlil Məlikov və başqa rəsmi nümayəndələr, mədəniyyət, incəsənət xadimləri iştirak etmişlər.