8 may 2025-ci il
8 may 2025-ci il tarixində Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə konsert keçirildi.
Konsert Azərbaycanın dahi bəstəkarı, pedaqoqu, publisisti, musiqişünas alimi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuşdur. Konsert proqramı yalnız Üzeyir bəyin əsərlərindən ibarət olmayıb, onun davamçıları- Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Musa Mirzəyev, Adil Bəbirov və digər görkəmli bəstəkarların əsərlərini də əhatə edirdi.
Məktəbin direktoru, Əməkdar müəllim, professor Məmməd Quliyev hamını salamlayaraq, bu cür konsertlərin keçirilməsinə böyük dəstək olduğunu vurğuladı. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedoqoji elmlər namizədi, professor Nərminə xanım Quliyeva məktəbin müəllim-şagird heyətini salamlayıb, bu istiqamətli konsertlərin musiqi məktəblərinin inkişafına böyük təkan olacağını qeyd etdi.
Konsertin aparıcısı “Tarix-nəzəriyyə” fakültəsinin IV kurs tələbəsi Ləman Abulzadə Ü.Hacıbəyli yaradıcılığı haqqında ön söz ilə çıxış edərək daha sonra bəstəkarlıq məktəbinin parlaq nümayəndələri haqqında da musiqi nömrələri arası məlumat verdi. Konsertdə Xəlil Mütəllibov (Q.Qarayev - Prelüd -2-ci dəftər), İluzər İbrahimzadə (M.Mirzəyev- Konsert-skertso), Gülsarə Bağırova (A.Məlikov- “Təzadlar”), Məryam Məmmədova (Q.Qarayev - “Vals”), Nuray Əliyeva (F.Əmirov - “Variasiya”), Zümrüd Əlizadə (A.Bəbirov - Sonata), Hidayət Sadıqbəyli (Ü.Hacıbəyli mövzularında Parafraz- Emil Əfrasiyab), Aydan Hacıəhmədova (A.Məlikov -“Məhəbbət əfsanəsi” baletindən "Adagio"), Esmaeilzadehgan Sevin (William Kroll - "Banjo and Fiddle), Babayeva Məryəm (Ü.Hacıbəyli - "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası) kimi nömrələri ifa etdilər. Sonda Tələbə Elmi Cəmiyyətinin sədri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəyliyə və Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru M.Quliyevə tələbələrə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.