19 aprel 2024-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərsləri
Hər il ənənəvi olaraq keçirilən bir sıra yaradıcı tədbirlərlə yanaşı təhsil və tədris sisteminin inkişafına xidmət edən müxtəlif yönlü layihələr Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının iş planının vacib məsələlərindəndir.
Mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri – 2024-cü ilin 19 aprel tarixində BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərsləri idi. Tədbir BMA-nın Kiçik zalında baş tutdu.
Azərbaycanın görkəmli musiqi xadimi, professor Tərlan Seyidov vaxtilə yaratdığı İxtisas musiqi məktəb-studiyasını bir təcrübə ocağı kimi BMA-nın tələbələri üçün açıq elan etmişdir. Hal-hazırda da bu ənənə BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri professor Elnarə Məmmədova və Məktəb-studiyanın direktoru dosent Sevda Məmmədova tərəfindən uğurla davam etdirilir. Bütün ixtisaslar üzrə təhsil alan BMA-nın tələbələri tədris ili ərzində məktəb-studiyanın yüksəkixtisaslı müəllimləri tərəfindən keçirilən dərslərdə iştirak edir, nəticə olaraq qazanılmış bilik və təcrübələrini nümayiş etdirmək üçün həmin müəssisənin şagirdləri ilə açıq dərs göstərirlər.
İl boyu tələbələrin pedaqoji təcrübəsinin formalaşması və təkmilləşməsi prosesində dəyərli fikirlərini əsirgəməyən, düzgün istiqmətə yönləndirən BMA-nın və məktəb-studiyanın müəllim heyəti – professor Elnarə Məmmədova, dosentlər – Zəhra Qarayeva, Sevda Məmmədova, Mədinə Tuayeva, Gülnarə Quliyeva və baş müəllimlər Mina Aslanova, Arzu İsmayılova, Nairə Qulamova olmuşdular.
Açıq dərslər Üzeyir Hacıbəyli adına BMA-nın beş tələbəsi tərəfindən keçirildi. İlk olaraq, BMA-nın III kursunda təhsil alan Əliyev Məhəmməd İxtisas musiqi məktəb-studiyasının violin ixtisası üzrə 8-ci sinif şagirdi Yusuf Məmmədli ilə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun Ekspromtu əsəri üzərində qurulmuş açıq dərsi təqdim etdi. Dərs gedişatında tələbə tərəfindən şagirdə bir neçə tövsiyələr olundu. Bu məsləhətlər, əsasən ifaçılıqda xüsusi önəm daşıyan applikatura, ritm, müxtəlif ştrixlərin göstərilməsinə aid idi. Digər tərəfdən, fortepiano partiyasının əhəmiyyəti tələbə tərəfindən vurğulanaraq, qeyd olundu ki, violin partiyasının ritminin düzgün şəkildə saxlanılması məhz akkompanementdə verilmiş ritmik şəkillə tarazlanmalıdır.
Növbəti çıxış maraq doğuran məqamlarla yadda qaldı. Belə ki, BMA-nın III kurs tələbəsi Məmmədov Elçin məktəb-studiyanın 2-ci sinif şagirdi Musayeva Mədinə ilə M.Şmitsə aid “Mikki Maus” caz pyesinin ifaçılıq xüsusiyyətlərini təhlil etdilər. Öncə tələbə jaz janrının yaranma tarixinə qısa ekskurs edərək, dinləyicilərə müxtəlif məlumatlar verdi, eyni zamanda cazın bir qolu olan “Reqtaym” haqqında danışdı. İxtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası istedadlı 2-ci sinif şagirdi Musayeva Mədinə reqtaymı özünəməxsus şəkildə ifa etdi. Həmin ifaya tələbə fikir bildirərək, şagirdinə ayrı-ayrı notların səslənməsinə, vurğuların düzgün vurulmasına diqqət yetirməsini məsləhət gördü. Qeyd olunmalıdır ki, həm tələbə, həm də şagird BMA-nın və İxtisas musiqi məktəb-studiyasının yüksəkixtisaslı müəllimi dosent, Əməkdar müəllim Mədinə Tuayevanın sinfində oxuyurlar.
Digər dərs BMA-nın II kurs tələbəsi Balaşova Tamara və İxtisas musiqi məktəb-studiyasının 8-ci sinif şagirdi Əhmədova Dərya tərəfindən göstərildi. Burada məktəb-studiyanın şagirdi R.Qliyerin rondosunu ifa etdi. Ardından tələbə bu ifanın bir neçə nüanslarına toxunaraq, öz iradlarını bildirdi. İfanın çatışmayan cəhətlərini vurğulayaraq, tələbə melodik xəttin daha aydın şəkildə göstərilməsinin gərəkli olmasını qeyd etdi və yuxarı səsdə səslənən melodiyanın violin sələnməsinə, aşağı səsdə verilən mövzunu isə violonçel səslənməsinə oxşatmağını tövsiyə etdi.
Çıxışlardan biri – III kurs tələbəsi İbrahimli Ayselin məktəb-studiyanın 6-cı sinif şagirdi ilə dərsi idi. Burada şagird tərəfindən tanınmış bəstəkar Musa Mirzoyevin “Girdim yarın bağçasına” Azərbaycan xalq mahnısının işləməsi təqdim olundu. Tələbə şagirdin ifasının həm müsbət, həm də mənfi cəhətlərini söylədi. Xüsusilə ritmik şəklin göstərilməsində bəzi qüsurların olması, həmçinin mahnıda istifadə olunan polifonik elementlərin qabarıq şəkildə göstərilməsinin vacibliyi qeyd olundu.
Sonuncu açıq dərs BMA-nın III kurs tələbəsi Kərimova Sevinc tərəfindən nümayiş olundu. Əvvəlcə tələbə əsər və müəllifi haqqında qısa məlumat verdi. Ardından məktəb-studiyanın violin ixtisası üzrə təhsil alan 11-ci sinif şagirdi Taptıqova Fatimə F.Kreyslerin Prelüd-Alleqrosunu ifa etdi. Tələbə şagirdini diqqətlə dinlədikdən sonra, onun ifa prosesində buraxdığı səhvləri üzərində çalışmağa başladı. Violin ifaçılıq xüsusiyyətlərinə aid ştrix və vibrasiya elementlərinin daha dəqiq və parlaq şəkildə göstərilməsinə toxunaraq, tələbə öz şagirdinə bu nüansların mükəmməl ifaçılığa çatacağına qədər çalışmasını tövsiyə etdi.
Açıq dərslərin keçirilməsi pedaqoji təcrübə tədrisində olduqca vacib amillərdəndir. Məhz bu məqamlar gələcək müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan yaradır.
BMA-nın İxtisas musiqi məktəb-studiyası kollektivi daim gənc kadrlara dəstək olur, onların müqəddəs müəllimlik peşəsinə sevgi və rəğbətlə yanaşmalarına yol açır.
BMA-nın İxtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi, musiqişünas
Şəfəq Hacıyeva