• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 iyun 2019-cu il

    Sənət yolunu işıqlandıran ulduzlar

    Bakımızın füsünkar konsert salonlarından biri olan Kamera ve orqan musiqisi zalında xoş yay axşamı - 27 iyunda növbəti orqan musiqisi gecəsi keçirildi. Mötəbər qonaqlar, musiqisevərlər sevimli müəllim, əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, görkəmli orqan ifaçısı Tahirə xanım Yaqubovanın yaradıcılığına həsr olunmuş kitabın təqdimatına yığışmışdılar.
    “Yolu işıqlandıran ulduzlar” adlı kitabı sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, istedadlı musiqiçi İmina Əliyeva xüsusi ustalıq və zövqlə hazırlamışdır. Nəfis tərtibatlı bu kitab çoxşaxəli və maraqlı alınmışdır. Burada Tahirə xanımın həmkarları, dostları, tələbələrinin onun haqqında olan ürək sözləri, düşüncələri, onun bir orqan ifaçısı, musiqişünas, pedaqoq, ictimai xadim kimi məhsuldar fəaliyyəti işıqlandırılmışdır.
    Tədbiri giriş sözü ilə SSRI və Azərbaycanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açdı. O, öz çıxışında Tahirə xanımın orqan musiqisinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, onu öz sənətinin Məcnunu adlandırdı.
    Azərbaycanın xalq artisti,professor, bəskəkar Elnarə xanım Dadaşova da,Tahirə xanımın yaradıcılığı haqqinda dəyərli fikirlər söyləyərək, onu orqan sənətinin kraliçası adlandırdı.
    Öz növbəsində İmina xanım və Tahirə xanım kitabın hazırlanmasında əməyi keçmiş hər bir kəsə , məqalə müəlliflərinə dərin təşəkkürlərini bildirdilər. Tahirə xanım bu insanları öz yaradıcılığına. Sənət yoluna işıq saçan ulduzlarla müqayisə etdi.
    Çıxış edənlərin səmimiliyi,Tahirə xanıma olan həqiqi sevgi və hörmət artıq ilk andan konsertə xüsusi rəng qatdı.
    Konsertdə əməkdar müəllim Rasimə xanım Babayeva, Beynəlxalq müsabiqələr laureatları Səbinə Bəylərbəyova, Nigar Məmmədova, Şəfəq Abdullayeva, truba ifaçısı İsa Məmmədov çıxış edərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirdilər. Konsertdə bir birindən maraqlı musiqi nömrələri təqdim olundu.
    Musiqi proqramında: Y.Klark - "Trumpet voluntary" (truba ilə), S.Shaydt - "Bergamaska", İ.S.Bax - Tokkata və fuqa d-moll, I.S.Bax - 2 xoral, Q.Qarayev - "7 gözəl" baletindən "Gözəllər gözəli" (orqan üçün ishləyəni Tahirə Yaqubova), A.Sandvold - "Introduksiya ve Passakalya", C.Yonq - "Prelude in classic style", F.Bədəlbəyli - "Prelüd" (Niyaziyə ithaf) orqan üçün isləyəni Rasimə Babayeva, A.Shtamm - "Rondo alla latina" əsərləri ifa olundu.
    Gül-çicək yağışı tədbir bitdikdən sonra da davam edirdi. Musiqiseverler konsert salonunda ayaq saxlayaraq hələ uzun müddət xoş təəssüratlarını bölüşürdülər.
    Hərə öz qəlbində konsertin isti və doğma ruhundan bir zərrə aparırdı!
    Biz isə sevimli Tahirə xanıma yaradıcılığında yeni-yeni böyük uğurlar diləyirik!

    Şəfəq Abdullayeva