• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2021-ci il

    Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş  “Nizaminin tükənməz irsi” adlı elmi sessiya keçirilmişdir.

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubileylərinə həsr olunmuş elmi sessiya 9 iyun 2021-ci il tarixində keçirildi. Elmi sessiya  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı  Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur. Elmi sessiyanı giriş sözü ilə Ü. Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi,  fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə açdı. O qeyd etdi ki, dünya poeziyasında “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını birləşdirən “Xəmsə” ilə şöhrət qazanan Nizami Gəncəvinin bədii irsi dövrümüzdə də müasirliyi ilə seçilir. Onun yaşadığı dövrdən  doqquz əsr keçməsinə baxmayaraq, o, yenə də yaşayır, onun zəngin yaradıcılığı poeziya sevərlərin həmişə diqqət mərkəzindədir. ADPU-nin İncəsənət və fiziki tərbiyə fakultəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Laçın Həsənova öz çıxışında qeyd etdi ki, biz Nizami Gəncəviyə, onun əsərlərinə böyük məhəbbətin nişanəsini az qala hər addımda görürük. Bunu muzeylərin divarlarını bəzəyən tablolar, bədii xalçalar, zallarında nümayiş etdirilən nadir sənətkarlıq nümunələri, meydanlarda, xiyabanlarda ucaldılan heykəlləri sübut edir.

    Proqrama əsasən ilk məruzəçi ADPU-nin İncəsənət və fiziki tərbiyə fakultəsinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Zemfira Abdullayeva “Nizami irsi Fikrət Əmirov yaradıcılıgında” adlı məruzəsi ilə çıxış etdi. O, qeyd etdi ki, Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan  mədəniyyətinin ən qiymətli inciləridir.

    Növbəti məruzəçi Ü. Hacıbəyli adına BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev “Nizami poemalarının vəzni” adlı məruzəsi ilə çıxış etdi. Şairin “İskəndərnamə”də qeyd etdiyi kimi:” Nə qədər şair var, söz var, şeir var, Dünyada onlardan mənəm yadigar”.

    ADPU-nin İncəsənət və fiziki tərbiyə fakultəsinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının professoru, pedaqoji elmləri doktoru Minarə Dadaşova “Nizami poemaları orta şərq incəsənətində” adlı məruzəsində qeyd etdi ki, Nizaminin xəttatlar tərəfindən köçürülən əlyazmalarını orta əsrin tanınan rəssam-nəqqaşları böyük zövqlə miniatür naxışlarla bəzəmişlər. Hazırda onlar dünyanın məşhur muzeylərində, kitabxanalarında, eləcə də şəxsi kolleksiyalarda qorunur.

    Ü. Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova “B. Asafyevin “Slavyan gözəli” operasının yaranma tarixi” adlı məruzəsində qeyd etdi ki, 1939-cu il mayın 3-də Azərbaycan SSR Xalq Komissarları Soveti Nizaminin Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqqında qərar çıxarır. Bununla da, bütün yaradıcı insanlar kimi bəstəkarlar da bu işə böyük həvəslə qoşulurlar. Lakin 1941-ci ildə başlanan Böyük Vətən müharibəsi yubileyin keçirilməsini təxirə salır. Elə həmin illərdə Boris Asafyev  Nizaminin “Yeddi gözəl” poeması əsasında “Slavyan gözəli” operasını yazır.

    Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “S. Abdullayevanın “Nizamidə musiqi, musiqidə Nizami” kitabı haqqında” adlı məruzəsində qeyd etdi ki, şairin yubileylərinin qeyd olunduğu illəri, haqlı olaraq Azərbaycan musiqisinin “Nizami dövrü” adlandırırlar. Həmin illərdə bəstəkarlarımız Nizaminin qəzəllərinin sözlərinə mahnı və romanslar yazmış, poemalarının qəhrəmanlarını və eləcə də onun özünün obrazını musiqi dili ilə ifa etməyə çalışmışlar.  S. Abdullayevanın “Nizamidə musiqi, musiqidə Nizami” adlı kitabında şairin yaşadığı dövrün musiqi məkanı, orda səslənən çalğı alətləri barədə məlumat verilir. Nuridə xanım bu kitabın nizamişünaslığa və musiqişünaslığa boyük töhvə olduğunu bildirdi.

     Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova Z. Hacıbəylinin “Nüşabə” operası (Nizaminin “İsgəndərnamə” poeması əsasında) haqqında materialların Azərbaycan Respublikasının Elmlər Akademiyasının Əlyazmalar arxivində bəstəkarın şəxsi fondunda saxlanıldığını və tamamlanmamış əsər olması haqqında məlumat verdi. Fidan xanım bildirdi ki, Z. Hacıbəyov yaradıcılığının açılmamış səhifələrindən biri olan “Nüşabə” operası ətrafında daha müfəssəl və rəngarəng açıqlamalar vermək və təhlil araşdırmalar aparmaq mümkündür.

    ADPU-nin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müəllimi Vəfa Allahyarova “Azərbaycan kitab tərtibatında Nizami Gəncəvinin yaradıcılığı” adlı məruzəsində qeyd etdi ki, dahi Nizami Gəncəvinin alicənab və ağıllı surətini ilk dəfə Azərbaycanın tanınmış Xalq rəssamı Qəzənfər Xalıqov kətanda yaratmış və məşhur heykəltəraş Fuad Əbdurrəhmanov isə tuncda canlandırmışdı. Sonralar şairin əksini çoxlu sayda fırça-tişə-ilmə ustaları kətan, qranit, mərmər, ağac və xalçalarda təsvir etmişlər. Şairin heykəlləri Azərbaycandan kənarda dünyanın səkkiz ölkəsinin paytaxt və şəhərlərində qoyulub.

    Tədbir zamanı Ü. Hacıbəylinin “Sənsiz” romansı Azərbaycan və SSRİ-nin xalq artisti Bülbülun ifasında, bəstəkar Gülnaz Abdullazadənin Nizamiyə həsr etdiyi romansı İlham Nəzərovun ifasında, Ü. Hacıbəyli adına BMA-nın II kurs tələbəsi Zəhra Şıxəliyevanın Nizami Gəncəviyə həsr olunmuş videorolik və digər musiqi nömrələri səsləndirildi.

    Elmi sessiyanın moderatoru Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə idi. Sonda Ü. Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi,  fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə isə Ü. Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin adından ADPU-nun rektoru, professor Cəfər Cəfərova və müəllim heyətinə, məruzəçilərə, sessiyada iştirak edən bütün qonaqlara öz minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 may 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını qeyd etdi.

     

     

    Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat

    laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova