• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix

    Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının 96 ili tamam olmuşdur.

     

    Respublikanın ali misiqi təhsil ocağı bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar keçmişdir. Konservatoriya milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

    Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bilavasitə "sələfi" xalq konservatoriyası 1920-ci il may ayının 25-də respublikanın xalq komissarlığı maarif şö'bəsinin qərarı ilə açılmışdır.

     

    1920-1939

    Xalq konservatoriyasına yaşından və musiqi istedadından asılı olmayaraq, bir neçə tələbə imtahansız qəbul edilmişdir. Onun məqsədi "geniş zəhmətkeş kütlələr arasında musiqi sənətini tanıtmaqdan ibarət idi".

    Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən Ü.Hacıbəyli  digər musiqi tədrisi ocağının yaranmasını da lazım bildi. Həmin tədris ocağının əsas işi xüsusi musiqi təhsilinə istiqamətlənmək, məqsədi isə hər il bütün profillər üzrə ixtisasçı - musiqiçilər yetişdirməkdən ibarət idi.

    Ü.Hacıbəyli Xalq maarif şöbəsində ətraflı və dəqiq məruzə etmişdi ki, bu məruzə Azərbaycan Dövlət Konservatoriyasının proqramı və nizamnaməsi, Ü.Hacıbəyli isə onun qanuni yaradıcısı oldu.

    Nizamnamə, 1921-ci il 21 avqust tarixində hökümətin qərarı ilə təsdiq edilmiş və xalq komissarları Soveti sədri N.Nərimanov və xalq maarif komissarı D.Bünyatzadə tərəfindən imzalanmışdır.

    Konservatoriya musiqi təhsilinin üç ən'ənəvi pilləsini: kiçik, orta və ali musiqi təhsilini özündə cəmləşdirirdi. Sonuncu musiqi Akademiyası adlanır, respublikada professional musiqi təhsilinin bütöv sistemini idarə edir və "professor dərəcəli şəxslər" tərəfindən rəhbərlənir.

    Ü.Hacıbəylinin Nizamnaməsi Peterburq və Moskva konservatoriyalarının quruluşuna istinad edirdi. Bununla bərabər, böyük bəstəkar mürəkkəb və tarixən zəruri məsələni irəli sürürdü, çünki onun köməyi ilə, bəstəkar dediyi kimi, "ümumi musiqi sənətinin öyrənilməsi bizə şərq xalq musiqisinə elmi-nəzəri cəhətdən yanaşmaq və onu hərtərəfli işıqlandırmaq imkanı verir".

    Faktiki olaraq, artıq o dövrdə Ü.Hacıbəyli nəzəri planda Şərq və Qərb musiqi mədəniyyətlərinin əlaqələri problemini irəli sürmüşdü ki, həmin problem XX və XXI əsr dünya musiqi elmi və mədəniyyətində mərkəzi yerlərdən birini tutur.

    Artıq 20-ci illərdə Ü.Hacıbəyli bu problemi konservatoriyada aktiv və fəal surətdə həll etmişdi. Onun təşəbbüsü ilə Şərq şöbəsi yaradılır və özü bu şöbəyə rəhbərlik edir. Ü.Hacıbəyli şöbədə təhsilin iki üsulunu tədbiq etmişdir: biri - ənənəvi - xalq alətlərində "şifahi" ifa; digəri - yazılı, Avropa not sisiteminə əsaslanmış. Bəstəkar ikinci təhsil üsulunu diqqətlə işləyib hazırlamış, tar sinfində notla ifa üsulunu keçmiş və həmin alət üçün yazılı repertuarın nümünələrini yaratmışdır.

    Xalq çalğı alətlərinin notlu ifası Ü.Hacıbəylinin  novatorluğunun ən əhəməyyətlisi idi, desək, bəlkə də yanılmarıq. O, xalq alətlərini bəstəkarlıq yaradıcılığının inkişafı zəmininə cəlb etmişdir ki, bu da milli musiqi mədəniyyətinin əsas istiqamətlərindən olmuşdur.

    Xalq musiqi alətlərinin bu tərzdə bölünməsi gələcəkdə Kiyev, Daşkənd, Alma-Ata, Qnesinlər adına Moskva institutlarında da öz əksini tapmışdır. Ü.Hacıbəylinin  digər yeniliyi də maraqlıdır.

    1925-ci ildən o, konservatoriyada "Şərq musiqisinin öyrənilməsi sinfini" aparır. Məhz həmin ildən başlayaraq Ü.Hacıbəyli  1945-ci ildə nəşrdən çıxmış "Azərbaycan xalq musiqisinin əsasları" adlı klassik nəzəri əsərini yaradır.

    Beləliklə, Ü.Hacıbəylinin  yaradıcı ideyalarının və praktiki səylərinin nəticəsində respublika konservatoriyası yalnız coqrafi mənada deyil, həm də öz təhsil istiqamətinə görə əsil Azərbaycan Dövlət Konservatoriyasına çevrildi.

    Konservatoriyanın ilk onilliyində milli musiqi kadrlarının fəal hağı ilə əlaqədar məsələsi mürəkkəb və aktual problemə çevrilmişdı. Konservatoriyada azərbaycanlı tələbələr azlıq təşkil edirdilər. Həmişə olduğu kimi, problemi Ü.Hacıbəylinin  uzaqgörənliyi həll etdi. 1922-ci ildə o, Azərbaycan türk musiqi məktəbi yaradır, sonralar bu məktəb musiqi texnikumuna çevrilir, məktəbə Ü.Hacıbəyli  özü rəhbərlik edir və əsasən azərbaycanlı tələbələr qəbul edilirdi.

    Belə ki, birinci təhsil ilində 383 tələbədən 350-si azərbaycanlı idi. 1926-cı ildə bu məktəb konservatoriya ilə birləşir. Ü.Hacıbəyli  onun rəhbəri və prorektoru vəzifəsinə təyin edilir.

    Konservatoriyanın tələbələrinin milli tərkibi zənginləşir. Artıq 1929-cu ildə onu gələcəkdə məşhur bəstəkar və xalq çalğı alətləri orkestrinin dirijoru S.Rüstəmov tarzən kimi; 1932-ci ildə Azərbaycan musiqisində romans və kamera-instrumental janrının əsasını qoymuş A.Zeynallı bitirirlər.

     

    1928 il

    1928 il

    Professor L.E. Ab və B.V. Karagiçev
    tələbələri arasında
    1930 il

    1930 il

    Konservatoriyanın müəllim və tələbə qrupu
    • 1



    1928-1929-cu ildə konservatoriyanın quruluşu dəyişdirilir - birinci və ikincə pillələr ondan ayrılır. Respublikada bir sıra musiqi məktəbləri və musiqi texnikumları yaranır. Konservatoriya yalnız ali musiqi tədris ocağı kimi fəaliyyət göstərir. Belə quruluş bu günkü günə qədər də qorunub saxlanır. Konservatoriya tədrislə bərabər bədii funksiyaları da həyata keçirirdi. Məhz buna görə onun ən ali idarə orqanı - Bədii-Şura kimi adlandırılmışdır. Burada ən mühüm yaradıcılıq işi - Azərbaycan xalq mahnılarının toplanması, yazılması və işlənməsi məsələsi həll olunurdu.

    Həmin işə Rusiyanın müxtəlif şəhərlərindən dəvət olunmuş müəllimlər - B.Karaqiçev, İ.Aysberq, L.Yablonko cəlb edilmişdilər. Lakin 1927-ci ildə Ü.Hacıbəyli  və M.Maqomayev tərəfindən ilk dəfə nəşr edilmiş "Azərbaycan xalq mahnıları" məcmuəsi respublikada böyük hadisə kimi qarşılandı. Onlar milli lad-intonasiya əsasının Avropa bəstəkarlıq yaradıcılığında bir neçə əsrlər boyu təşəkkül tapmış major-minor sistemi ilə vəhdətini dəqiq sübut etdilər.

    20-ci - 30-cu illərdə konservatoriyada tədris prosesini əsasən Bakıda Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş milliyyətcə qeyri-azərbaycanlı musiqiçilər həyata keçirirdilər. Onlardan - violonçelist M.Rostropoviçin atası, L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev (Bakı musiqi məktəblərindən biri onun adını daşıyır), qaboyçalan V.Knyazkov, valtorna çalan və nəzəriyyəçi S.Berolski, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski və başqalarının adlarını çəkmək olar.

    Sonralar bu tərkibə yeni pedaqoji kadrlar - respublikada piano məktəblərindən birinin yaradıcısı, pianoçu M.R.Brenner, musiqişünas-nəzəriyyəçi, Azərbaycan musiqişünas-nəzəriyyəçilik məktəbinin yaradıcısı, N.S.Çumakov, F.Əmirov, S.Hacıbəyov, C.Cahangirov, A.Rzayev və H.Rzayev, R.Mustafayev kimi musiqiçiləri yetişdirən B.İ.Zeydman da qoşuldular.

    20-ci - 30-cu illərdə konservatoriyanın rəhbərliyi daimi deyildi.

    Onun ilk rektorları - pianoçu L.Pressman və İ.Aysberq idilər. Onları başqaları da əvəz edirdi. Lakin konservatoriyanın əsil ruhu və lideri həmişə Ü.Hacıbəyli  olmuşdur. Məhz o, bütün Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, cəsarətlə milli klassik ənənələrinin Avropa bəstəkarlıq yaradıcılığı ilə sintezini həyata keçirmişdir.

    O, deyirdi: "Biz azərbaycan türklərinə vaxtımızı, qüvvəmizi və vasitələrimizi ümumi musiqi sənətinin, başqa sözlə desək Avropa musiqisinin öyrənilməsinə sərf etməyə dəyərmi? Bəli, bu lazımdır və zəruridir, çünki, Avropa musiqisini öyrənərək, biz birincisi, dünyaya bir sıra dahi sənətkarlar bəxş etmiş və əsrlərlə inkişaf etmiş ümumi musiqi sənətinin sirrlərinə yiyələnirik. Bu dahilərin əsərlərinə heç bir mədəniyyətə malik olan xalq biganə qala bilməz, çunki onların yaratdığı əsərlər sözün əsl mənasında universal və bəynəlxalq əhəmiyyətə malik olaraq bütün dünyada şöhrət tapmış və bəşəriyyətin inkişafında mühüm aparıcı rol oynamışdır…

    İkincisi, ümumi musiqi sənətinin öyrənilməsi ona gətirib çıxaracaq ki, hamımız biləcəyik ki, mənalı-ağıllı musiqi insan orqanizminin ruhi-estetik və intellektual cəhətdən inkişafında böyük rol oynayır… Üçüncü, ümumi musiqi sənətinə yiyələnərək biz - Azərbaycan türkləri ümumbəşəri mədəniyyətə yaxınlaşırıq…

    Dördüncü, ümumi musiqi sənətinin öyrənilməsi və həmin istiqamətdə aparılan işin düzgünlüyü Azərbaycan xalqına şübhəsiz, musiqi sənəti sahəsində öz istedadını üzə çıxarmaq imkanı verəcək…" Ü.Hacıbəyli  qürurla qeyd edirdi: "Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə musiqisevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir".