• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

    Səhnənin tərbiyəvi əhəmiyyəti haqqinda 1

    Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev müsəlman artistləri peşəkar ittifaqının yaradılmasını («Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri»nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa «ancaq Melpomena məbədini ucaltmağı», yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, «səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur».



    Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən, teatr və ümumiyyətlə teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların2 musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.

    Mən heç də elə düşünmürəm ki, milli musiqimizin məhz musiqili dram əsərləri bəstələmək təşəbbüsündən başlanan inkişafına publisistlərimiz qəsdən maneəçilik törədir, habelə musiqi sənəti sahəsinə müsəlmanların yolunu şüurlu surətdə kəsir; mən musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənətinə qeyri-ciddi münasibət kimi izah edirəm; buna görə də, mənə elə gəlir ki, həm dram, həm də musiqili dram əsərlərinə ciddi və diqqətlə yanaşaraq bu barədə söhbət açmaq faydalı olardı.

    Belə bir ciddi söhbətə başlamaq üçün vətəndaş Əhliyevdən aşağıdakı suallarıma cavab verməsini xahiş etmək istərdim:

    Ümumiyyətlə, musiqili əsərlərin tərbiyəvi əhəmiyyətininəyə əsasən inkar edir və ya azaldırsınız?

    «Otello», «Faust», «Boris Qodunov» kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni müəlliflərin eyni məzmunlu dram əsərlərindən nəyi əksikdir?

    Bu suallara cavablar səhnə sənətinin bu və ya başqa növünün faydası və zərəri haqqında real təsəvvür yaratmalıdır; bu, yeni yaradılmış müsəlman artistləri ittfaqı üçün xüsusilə zəruridir.

     


    1. 1917-ci ildə Bakıda peşəkar azərbaycanlı teatr işçilərinin ittifaqı təşkil olunmuşdur. Bununla əlaqədar olaraq «Kaspi» qəzetinin (daha doğrusu, həmin qəzetə əlavə olan «Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi Xəbərləri»nin) 1917-ci il 27 oktyabr (9 noyabr) tarixli 241-ci nömrəsində Əsəd Məmmədov-Əhliyev adlı bir publisistin «Səhnənin tərbiyəvi əhəmiyyəti» adlı məqaləsi dərc olunmuşdur. Müəllif Bakıda peşəkar teatr işçiləri ittifaqının təşkil olunmasını alqışlayaraq, geniş tamaşaci kütləsinin estetik tərbiyəsi haqqında bir sıra mülahizələr irəli sürmüşdür. Əhliyev dram tamaşalarının inkişaf etdirilməsinə tərəfdar cixaraq musiqili tamaşaların musbət rolunu inkar edirdi. O, operanı və operettanı «səhnə sənətinin ikinci hətta üçüncü dərəcəli məhsulu» hesab edirdi. Əhliyev iddia edirdi ki «operetta və yüngül süjetli başqa əsərlər təbiri caizsə şirniyyata bənzər ki, bununla ac adamı doyurmaq olmaz. Mənəvi aclıq çəkən bilər üçün fərli xörək, yəni dram lazımdır». Məmmədov-Əhliyevin bu çixışı Üzeyir Hacıbəyovun kəskin etrazına səbəb olmuşdur; onun müzakirə təriqi ilə yazdığı «Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında» adlı birinci məqaləsi «Kaspi» qəzetinin «Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi Xəbərləri»nin 1917-ci il 28 oktyabr tarixli 242-ci nömrəsində dərc olunmuşdur. Rus dilindən tərcümədir.

    2. Burada və sonralar «müsəlman» dedikdə azərbaycanlılar və ya azərbaycanlı nəzərdə tutulur.