4 iyul 2025-ci il
Bakı Musiqi Akademiyasının Tələbələri V Beynəlxalq “Harmony” Müsabiqəsində Uğur Qazandılar
Bu il - 2025-ci il 04-07 iyul tarixləri arasında Gürcüstanın Barjomi şəhərində gənc musiqiçilər-şagird və tələbələr üçün müxtəlif nominasiyalar, yaş kateqoriyaları üzrə V Beynəlxalq “Harmony”müsabiqəsi keçirilmişdir. Müsabiqədə Azərbaycanı təmsil edən iştirakçılar arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Akademiyanın nəzdində fəaliyyət göstərən Orta İxtisas Musiqi Məktəb Studiyasının şagirdləri və Qara Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinin şagirdləri də yer aldılar.
Akademiyamızın tələbələri Namiq Sultanov və Gülsarə Bağırova professional çıxışları ilə münsiflər heyətinin rəğbətini qazanaraq "Qran Pri" mükafatına layiq görülmüş və Qala konsertdə uğurla çıxış etdilər.
Qeyd edək ki, nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırmış, musiqi mədəniyyətimizi layiqincə təmsil etmişlər.
Bu gün müsabiqənin rəsmi bağlanış mərasimi baş tutmuşdur. Sabah isə festival proqramı çərçivəsində növbəti musiqi tədbiri keçiriləcək və Akademiyamızın tələbələri bu festivalda da fəal iştirak edəcəklər.
Bakı Musiqi Akademiyası adından qaliblərimizi təbrik edir, gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq!