• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 noyabr 2025-ci il

    2025-ci il Azərbaycanda dahi bəstəkar və Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlamətdardır. 

    4–5 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140-illik yubileyinə həsr olunmuş festival çərçivəsində “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda 4-cü Beynəlxalq elmi- praktiki konfransı baş tutmuşdur. Yüksək səviyyədə təşkil olunan bu konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilmişdir.

    Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Qazaxıstan, Tacikistan və Özbəkistandan bir çox tanınmış alimlər iştirak etmişlər. Konfransın qarışıq formatda keçirilməsi müxtəlif ölkələrdən 50-dən çox iştirakçını birləşdirməyə imkan yaradıb. Məruzələr dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilmişdir. 

    Geniş konfrans proqramı müasir musiqi elminin bir çox problemlərini özündə əks etdirən əsas tematik istiqamətlərdən ibarət idi: Üzeyir Hacıbəyli - 140: Azərbaycan musiqi mədəniyyəti tarixində bəstəkarın  rolu; Müslüm Magomayev-140: bəstəkar, dirijor, ictimai xadim; Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu:  tarixi retrospektiv və müasirlik;Etnomusiqişünaslıq müasir mərhələdə; Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri; Müasir musiqi təhsili: problemlər və perspektivlər; İfaçılığın aktual problemləri; Musiqidə informasiya texnologiyaları.Konfransın moderatorları – Əməkdar İncəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova idi.

    Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir və BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, Ü.Hacıbəylinin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd etdi.Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva konfransın bütün iştirakçılarına uğurlar arzu etmişdir. 

    Beynəlxalq Konfrans çərçivəsində iki təqdimatkeçirilmişdir: 1) Bakı Musiqi Akademiyasının Tarix-Nəzəriyyə Fakültəsi professor-müəllim heyətinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş "Üzeyir Hacıbəyli 140: cəngi əhəngində bir ömür" adlı məqalələr toplusunun təqdimatı. Baş redaktor: professor Fərhad Bədəlbəyli; 2) Bakı Musiqi Akademiyasının SABAH qruplarının musiqişünas tələbələri tərəfindən Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş "SABAH: DÜNƏN.BU GÜN. SABAH" adlı publisistik informasiya jurnalının təqdimatı. Baş redaktor: professor Fərhad Bədəlbəyli. Jurnalın təqdimatı tələbələrin hazırladıqları maraqlı videoçarx ilə təqdim olundu. 

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyası, S.Raxmaninov adına Rostov Dövlət Konservatoriyası, N.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının professor-müəllim heyəti, doktorantlar və magistrlar olduqca maraqlı, aktual mövzular ilə çıxış etdilər. Sonda bütün iştirakçılar sertifikat ilə təltif olundu.

    Keçirilən konfrans bir daha təsdiq edir ki, Azərbaycanda Üzeyir bəy ənənəsi bu gün də davam edir, ölkələr arasında mədəni-mənəvi əlaqələrin genişlənməsinə, müxtəlif xalqların nümayəndələri arasında yaradıcılıq əməkdaşlığının möhkəmlənməsinə töhfə verir.