6 noyabr 2025-ci il
“Musiqi sənətində Zəfər salnaməsi”
2025-ci il noyabr ayının 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 44 günlük Vətən müharibəsinin 5 illik Zəfər bayramına həsr olunmuş “Musiqi sənətində Zəfər salnaməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Möhtəşəm Qələbəmizin rəmzi olan Zəfər bayramı xalqımızın uzun illər gözlədiyi sevimli bir hadisədir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz böyük Qələbə çaldı və Azərbaycanın suverenliyi bütün ölkə ərazisində bərqərar oldu. Xalqımızın bu sevincinə görə ilk növbədə mərd Vətən övladlarına minnətdarıq. Vətən övladlarının şücaəti sayəsində torpaqlarımız azad oldu. 30 il düşmən tapdağında inləyən Qarabağımız öz övladlarına qovuşdu. Qarabağ həsrəti ilə sızlayan ruhlar da sevindi. Düşmənə sarsıdıcı zərbələr endirən və Vətən torpağı naminə canlarından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq.
Konfransın açılış mərasimi şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdikdən sonra öz işinə başladı. Belə ki, Zəfər bayramı üçün hazırlanmış möhtəşəm videoçarx böyük əks-səda yaratdı.
Konfrans iştirakçıları - tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Elm və innovasiya məsələləri işləri üzrə prorektor, f.e.d., Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə “Ü.Hacıbəylinin musiqi irsində milli ruhun yüksəlişinə doğru gedən yol”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova “Zəfər səsinin “Böyük qayıdış” sədası”, elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarova “Qazi bəstəkar: Vüqar Məmmədzadə “Mənim yolum” simfonik lövhə”, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli “Cəngi – musiqinin döyüş ruhu, Qələbə sədasıdır” mövzuda çıxış ediblər. Mövzular olduqca maraqlı, dolğun və müxtəlif janrları əhatə edirdi.
Əsasən də gənc bəstəkarımız, Ü.Hacıbəyli adına BMA-nın yetirməsi, Qarabağ qazisi Vüqar Məmmədzadənin “Mənim yolum” simfonik lövhəsi müharibənin acısını, faciəsini öz gözləri ilə görmüş bir əsgərin, bir vətəndaşın musiqi təfəkkürü ilə yaradılmışdır. Məhz bu əsəri bəstəkar şəhidlərin ruhuna ithaf edib. Təqdim olunan videoçarxda şəhidlərin və qazilərin obrazları musiqi fonunda səslənirdi.
Əminik ki, bu tarixi Qələbəmizdən ilhamlanan bəstəkarlarımız müxtəlif janrlı musiqi əsərləri yaratmaqla Qələbəmizin musiqi müjdəsinin sorağını uzaq-uzaq ellərə yayacaq və gələcək nəsillərə çatdıracaqlar.
Konfransın bədii hissəsində F.Əmirovun “Muğamsayağı” – (III kurs tələbəsi Həsənzadə Səbinə. Konsertmeyster: Usubova Züleyxa) və M.Maqomayevin “Azərbaycan” (IV kurs tələbəsi Məmmədzadə Rauf. Konsertmeyster: Quliyeva Şəhla) əsərləri səslənib.
Açılış mərasimindən sonra “Musiqişünaslığın actual problemləri: ənənən və müasirlik” Respublika elmi-praktiki konfrans öz işinə davam edib. Təqdim olunmuş bölmələr əsasında Konfrans iştirakçıları öz maraqlı, rəngarəng çıxışlar ediblər.
Konfransda Ü.Hacıbəyli adına BMA-nın müəllim heyəti, elmi-tədqiqat laboratoriyasının əməkdaşları və qonaqlar iştirak edirdilər.
Nəsirova-Əhmədova Fidan
“Şifahi ənənəli Azərbaycan musiqinin
və yeni istiqamətlərin tədqiqi” adlı
emi laboratoriyanın elmi işçisi




