• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 dekabr 2025- ci il

     İmruz Əfəndiyeva-90     

    18 dekabr 2025-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz xanım Əfəndiyevanın 90-illiyinə həsr olunmuş yubiley tədbiri keçirmişdir.

    İmruz Əfəndiyeva 60-ildən artıqdır ki, Azərbaycan musiqişünaslıq elminin inkişafı naminə çalışan, yüzlərlə tələbə, alim yetişdirmiş, dövrümüzün məşhur bəstəkar və musiqişünaslarına dərs demiş görkəmli mütəxəssisdir. Elmi fəaliyyəti keçən əsrin 50-ci illərində başlayan İmruz xanım Vasif Adıgözalov, Oqtay Zülfüqarov, Sevda İbrahimova, Emin Sabitoğlu kimi bir çox dəyərli bəstəkarların yaradıcılığımı işıqlandıraraq əvəzolunmaz elmi əsərlərin müəllifi olmuşdur. Xüsusi ilə. onun “Milli harmoniya” anlayışının araşdırılması və aydınlaşdırılması sahəsində axtarışları musiqişünaslıqda əhəmiyyətli yer tutmaqdadır.

    Görkəmli musiqişünasa həsr olunan yubiley tədbirini Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, dünya şöhrətli  bəstəkarımız, professor Firəngiz Əlizadə açaraq İmruz xanımın musiqiyə əzəldən bağlı olmağını, onun çoxsaylı dəyərli kitablarını qeyd etmiş, İttifaq çərçivəsində tədbirlərdə yorulmaz fəaliyətindən söz açmışdır. İştirakçılarla maraqlı xatirələrini bölüşmüşdür. Həmçinin, yubilyara xüsusi təbrik ünvanını təqdim etmişdir.

    Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova, əməkdar müəllim,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova bir birindən maraqlı çıxışlar ilə yadda qalmışlar.

    Tədbir çərçivəsində Ü.Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Mehparə Rzayevanın sevimli müəllimi haqqında qələmə aldığı “İmruz Əfəndiyeva-90, Elmin fədaisi” adlı kitabının təqdimatı da keçirildi. Bu monoqrafiyada İmruz xanımın çoxşaxəli yaradıcılığı elmi, nəzəri, pedaqoji, ictimai fəaliyyəti kompleks şəkildə araşdırılmışdır.

    Bundan əlavə, İmruz xanıma “Mirzə İbrahimov irsinin qorunması və təbliği Fondu”-nun rəhbərliyi adından təbrik ünvanı təqdim edildi. Əməkdar müəllim, BMA-nın “Tədris məsələləri üzrə prorektoru,professor Nərminə Quliyeva hörmətli rektorumuz professor Fərhad Bədəlbəylinin yubilyara təbriklərini çatdırdı.

    Tədbirin bədii hissəsində səslənən musiqi nömrələri sırasında F.Əmirovun “Min bir gecə balətindən “Şəhrizadın şənliyi”, İ.Əfəndiyevanın sevimli aspirantı, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi,professor Mehriban Əhmədovanın “Ana”, “Bayram mahnısı” və məşhur bəstəkar Azər Dadaşovun İmruz  xanıma həsr etdiyi piano üçün “Kompozisiya” əsərlərinin adları xüsusi ilə qeyd edilməlidir.

    Sonda İmruz xanım başda Firəngiz Əlizadə olmaqla tədbir təşkilatçılarına, iştirakçılara  təşəkkürünü bildirmişdir. Biz də öz növbəmizdə İmruz xanıma uzun ömür, can sağlığı, həmişə  belə gülərüz və gümrah olmağı arzulayır və qardaşı oğlu olaraq bu yazını qələmə almaqdan şərəf duyuruq.

     

                                                                                                      Əfəndiyev Ayxan

                                               elmi tədqiqat laboratoriyasının elmi işçisi,doktorant