• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 dekabr 2025- ci il

    30 dekabr tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur İsgəndərovanın təşkilatçılığı ilə XX–XXI əsr musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, gürcü bəstəkarı, SSRİ Xalq artisti Giya Kançelinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi bəstəkarın zəngin yaradıcılıq irsinin öyrənilməsi, onun musiqi-estetik baxışlarının təhlili və müasir akademik musiqi kontekstində tutduğu yerin nümayiş etdirilməsi olmuşdur.
    Tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə qiyabi formada (online) qoşularaq bəstəkarın yaradıcılığı barədə dəyərli fikirlərini və şəxsi xatirələrini bölüşmüşdür. Eyni zamanda Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə də yaradıcı seminarda iştirak etmişlər.
    Tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının Musiqişünaslıq fakültəsinin III kurs tələbələri — Quliyeva Jalə, Abdullayeva Fatma, Nurməmmədova Fatimə, Yusibova Aygün və Behbudlu Gültəkin — “Tədris təcrübəsi” kursu üzrə məruzələrlə çıxış edərək Giya Kançeli yaradıcılığının müxtəlif aspektlərini işıqlandırmışlar. Məruzələrdə bəstəkarın simfonik və kamera musiqisi, opera və kinomusiqisi, dramaturji düşüncə tərzi, səssizlik və zaman anlayışına yanaşması, eləcə də əsərlərinin emosional-fəlsəfi məzmunu elmi və analitik baxımdan təhlil olunmuşdur. Tələbələrin təqdimatları musiqi nümunələri ilə müşayiət edilmişdir.
    Keçirilən elmi-maarifləndirici tədbir gənc musiqişünasların peşəkar bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Giya Kançelinin dünya musiqi mədəniyyətinə verdiyi töhfələrin bir daha dəyərləndirilməsinə və təbliğinə geniş imkan yaratmışdır.