• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 aprel 2026-cı il

    Musiqi əlaqələri genişlənir


    7 aprel tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” adlı elmi-tədqiqat laboratoriyasının kollektivi və tanınmış bəstəkar Vuqar Camalzadənin təşəbbüsü ilə BMA-nın Qara Qarayev adına konfrans zalında Özbəkistan Dövlət Konservatoriyasının professor və tələbə heyəti ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi hər iki ölkənin musiqi mədəniyyəti sahəsində əməkdaşlıq və onun inkişaf etdirilməsi olmuşdur.

    Qeyd edək ki, tədbirdə Özbəkistan Dövlət Konservatoriyasının professorlardan Rozibi Kodjaeva, Bokhodir Mirpayazov, İlkham İkramov, tələbələrdən Nosirjon Solijonov, Abdurakhmon Sharipov, Asabek Kholmatov iştirak edirdilər. Tədbiri elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə açaraq, qonaqları salamladı. Daha sonra hər iki ölkənin musiqiçilərinin iştirakı ilə kiçik musiqi proqramı təqdim olundu. Proqram çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent M.Qafarovanın rəhbərlik etdiyi ansamblın üzvləri, eləcə də özbəkistanlı musiqiçilər çıxış etdilər.

    Ardınca isə hər iki ölkənin musiqiçilərinin ilk dəfə olaraq birgə ifası baş tutdu. Belə ki, Əməkdar incəsənət xadimi, professor A.Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent R.Bəhmənli və digərləri ilə yanaşı, özbəkistanlı musiqiçilərin birgə ifası təqdim olundu. Sözügedən ifa Azərbaycan və Özbəkistan xalqlarının zəngin musiqi ənənələrinə və ortaq mədəni köklərə malik olduğunu bir daha nümayiş etdirir.

    Tədbirin nəzəri hissəsində Azərbaycan və Özbəkistan musiqi ənənələri, xüsusilə şifahi ənənəli professional musiqinin inkişaf istiqamətləri, Özbəkistanda çağdaş musiqinin xüsusiyyətləri, müasir dövrdə aparılan elmi tədqiqatlar və gələcək planlar ətrafında müzakirələr aparıldı. Xüsusilə, görüş çərçivəsində elmi tədqiqat labotoriyasının böyük elmi işçisi Z.İsayev və professor A.Əsədullayevin tar və kamança alətlərinin akustik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş fundamental tədqiqat işi təqdim olundu və burada həyata keçirilən metodikanın gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında tətbiq edilməsi və s. məsələlər haqqında fikir mübadiləsi aparıldı. Bundan əlavə, bəstəkar Rüfət Ramazanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın verdiyi sualları Özbəkistanlı qonaqlar tərəfindən olduqca ətraflı cavablandırıldı. Fikir mübadiləsində digər alimlər də iştirak etmişdilər. Görüş qarşılıqlı maraq və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

    Tədbirdə BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşları ilə yanaşı, BMA-nın elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, professor G.Abdullazadə, “Musiqi tarixi” kafedrasını müdiri, professor Z.Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının əməkdaşları və digərləri iştirak etmişlər.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Bəkirova Günel