• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 aprel 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsi 17 aprel 2026-cı il tarixində xüsusi bir tədbirə şahidlik etdi. “Nəfəs və zərb alətləri” kafedrasının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin xatirəsinə həsr olunmuş konsert dərin ehtiram və yüksək sənət ruhu ilə yadda qaldı.

    Tədbir Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadənin mənalı və duyğulu giriş sözü ilə açıldı. Onun nitqində Telman Hacıyevin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr, pedaqoji fəaliyyəti və sənətə olan sonsuz sevgisi xüsusi vurğulandı.

    Tədbirdə ürək sözləri ilə çıxış edən BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti,  “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, professor Yusif Axundzadə, dosent Fikrət Məmmədov və öz çıxışları ilə bu xatirə gecəsinə xüsusi rəng qatdılar. Onlar Telman Hacıyevin çoxşaxəli yaradılığından bəhn edib, onun necə bir sənət fədaisi olduğunu qeyd etdilər. 

    BMA-nın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru, musiqişünas Mina Hacıyeva (Telman Hacıyevin qızı) da dərin emosional duyğularla çıxıb edərək, Telman müəllim haqqında xatirələrini tamaşaçılarla bölüşdü. Həm də tədbirin keçirilməsində əməyi və dəstəyi olan - başda Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli olmaqla, hər kəsə dərin təşəkkürünü bildirdi.

    Sonra bədii hissəyə söz verildi.

    İstedadlı musiqiçilər -  “Nəfəs və zərb alətləri” kafedrasının professoru Lalə Cəfərova (fortepiano), Rauf Muradov (saksofon), Nicat Məmmədov və Məsumə Əliyeva (fleyta), Məhəmmədəli Paşazadə (klarnet), Sadiq Heybətov (truba) və zərb alətləri ansamblının çıxışları isə gecəyə dinamika və təravət gətirdi. Onların hər bir ifası sənətkara olan ehtiramın canlı ifadəsinə çevrildi.

    Tədbirin aparıcısı Gülnur Kazımzadə proqramı zərif təqdimatı ilə bir-birinə bağlayaraq, konsertin ümumi ahəngini qorudu.

    Bu musiqi axşamı yalnız bir xatirə tədbiri deyil, həm də sənətin zaman tanımadığını sübut edən mənəvi bir körpü idi. Telman Hacıyevin adı və irsi səslənən hər notda bir daha yaşadı və dinləyicilərin qəlbində dərin iz buraxdı.