17 aprel 2026-cı il
17 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-mədəni mühitində dərin məzmunlu və ruhlandırıcı bir görüş baş tutdu.
Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski yaradıcılığına həsr olunmuş “Çaykovskinin irsi: gündəliklər və məktublar əsasında” mövzusunda seminar iştirakçılar üçün həm maarifləndirici, həm də emosional bir səyahətə çevrildi.
Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, İctimai xadim, kolleksiyaçı, xeyriyyəçi, Fon Mekk Fondunun rəhbəri Çaykovski, Davıdov və Fon Mek ailələrinin davamçısı olan Denis Fon Mekki auditoriyaya təqdim etdi.
Sonra P.İ.Çaykovskinin əsərlərindən ibarət musiqi əsərləri səsləndirildi: P.İ.Çaykovskinin “Meditasiyon” op.72, №5
(İfa etdi:BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuranə Salamova.Müəllim: dosent Nərgiz Salmanlı),
P.İ.Çaykovskinin “Vals-skerso”
(İfa etdi:BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Aydan Hacıəhmədova
Müşayiət edir: Tomris Hüseynova),
P.İ.Çaykovskinin Romans "День ли царит"
(İfa etdi:BMA-nın tələbəsi Elena Qafarova
Müşayiət edir: Şəhla Quliyeva),
P.İ.Çaykovskinin “Pyes” op.72, “La Chopin”
(İfa etdi:BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Aişə Fətəliyeva.Müəllim: dosent Nərgiz Salmanlı).
Seminarın lektoru Denis fon Mekk böyük bəstəkarın şəxsi yazışmaları və gündəlikləri üzərindən onun daxili dünyasını, yaradıcılıq iztirablarını və ilham qaynaqlarını incəliklə təqdim etdi. Bu çıxış sayəsində iştirakçılar yalnız musiqini deyil, eyni zamanda Çaykovskinin insan kimi hisslərini, düşüncələrini və həyat fəlsəfəsini daha yaxından hiss etmək imkanı qazandılar.
Tədbir boyu səsləndirilən fikirlər, aparılan müzakirələr və yaradılan intellektual mühit dinləyicilərdə klassik musiqiyə olan marağı daha da dərinləşdirdi. Seminar, sanki notların arxasında gizlənən duyğuların, məktublarda yaşayan xatirələrin və zamanın süzgəcindən keçərək bu günə çatan sənət irsinin poetik bir təqdimatı idi.
Bu görüş bir daha sübut etdi ki, böyük sənətkarların irsi yalnız səslərdə deyil, onların yazdıqları hər bir sətirdə, yaşadıqları hər bir hissdə yaşayır və gələcək nəsillərə ilham verməyə davam edir.

