• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 iyun  2026-cı il

    18 iyun 2026-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında elmi işçi Nazlı Mustafayevanın  “Qədim Naxçıvanın folkloru”  mövzusunda seminarı keçirilmişdir.

    Qədim tarixə və zəngin mədəni irsə malik olan Naxçıvan diyarı özünün rəngarəng folklor mühiti və əsrlər boyu formalaşmış adət-ənənələri ilə seçilir. Naxçıvan folkloru janr müxtəlifliyi baxımından olduqca zəngindir və nəsildən-nəslə ötürülərək mədəni irs nümunələri kimi günümüzədək qorunub saxlanılmışdır.

     Müxtəlif folklor janrlarını araşdıran Nazlı Mustafayeva çıxışının əvvəlində xalq təfəkkürünün məhsulu olan nağıllar, əfsanələr, rəvayətlər, tapmacalar, meydan tamaşaları, dastanlar, aşıq yaradıcılığı nümunələri, xalq mahnıları, rəqslər və yallılar haqqında geniş məlumat vermişdir.

    Məruzəçi həmçinin vurğulamışdır ki, “Novruz” bayramı, “Xıdır Nəbi” mərasimi və “Xan bəzəmə” mərasimləri Naxçıvanın zəngin mərasim folklorunun mühüm tərkib hissəsini təşkil edir və bu ənənələr xalqın həyatında dərin kök salaraq bu gün də yaşadılmaqdadır.

    Azərbaycan folklorunda yallı rəqsinin vətəni Naxçıvan sayılır. Hətta  Naxçıvanın “Gəmiqaya” arxeoloji abidə kompleksində də yallı rəqsləri təsvir olunub. Naxçıvan yallıları haqqında ətraflı məlumat verildikdən sonra seminar iştirakçılarına məşhur “Şərur” yallıları və digər yallı nümunələrini əks etdirən videoçarxlar təqdim edilmişdir.

    Naxçıvan toylarının bütün incəlikləri haqqında çox ətraflı məlumat verən   məruzəçi qeyd etmişdir ki, toylarda elçilik, nişan, xına mərasimi, toy şənliyi, gəlinin ata evindən çıxarılması, ona xeyir-dua verilməsi, başına şirniyyat və buğda səpilməsi kimi mərasim elementləri xüsusi ənənələr əsasında həyata keçirilir, xalq mahnıları, yallılar və aşıq havalarına geniş yer verilir. Sonda Naxçıvan toyu haqqında videoçarx dinləyicilərə təqdim edilmişdir.

    Seminara elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə xanım  İsmayılzadə  yekun vuraraq, Nazlı xanıma uğurlar arzulamış və Naxçıvan folkloru haqqında silsilə seminarlar keçirməyi tövsiyə etmişdir. Mövzu ətrafında keçirilən çox maraqlı diskussiyada Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi,  dosent Səadət Təhmirazqızı və eləcə də laboratoriyanın digər əməkdaşları Naxçıvan adət-ənənələri haqqında maraqlı faktlar danışmış, məruzəçini təbrik etmiş və ona müvəffəqiyyətlər arzulamışlar.

     

    Sevda İsayeva

    BMA–nın elmi-tədqiqat laboratoriyasının

    kiçik elmi işçisi