15 sentyabr 2026-cı il
15 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında bu Ali təhsil ocağına qəbul olunmuş birinci kurs tələbələri ilə görüş keçirildi.
Görüşdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva hər kəsi salamlayaraq, tələbə adını qazanmış gənc musiqiçiləri təbrik edib, uğurlar arzu etdi.
Nərminə xanım bu musiqi ocağında müxtəlif tədbirlərin, konsertlərin, festivalların və müsabiqələrin keçirildiyini vurğuladı və bütün gənc ifaçıları tədbirlərdə, müsabiqələrdə fəal iştirak etməyə, Bakı Musiqi Akademiyasının tələbə adını fəxrlə təmsil etməyə və musiqi mədəniyyətimizi layiqincə təbliğ etməyə səslədi.
Eyni zamanda N.Quliyeva Baloniya sistemi haqqında, onun tələbləri, strukturu, qaydaları, sabah qrupu və onun üstünlükləri barədə tələbələri məlumatlandırdı.
Daha sonra o, ixtisas fənnləri ilə yanaşı tələbələrə digər faydalı fəaliyyətlərlə məşğul olmalarını tövsiyə etdi (BMA-nın İdman kafedrasında keçirilən müxtəlif oyunlar, yarışlar).
Ardınca digər prorektor və dekanları tələbələrə təqdim edib, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Yeganə Axundovaya söz verdi.
O da öz növbəsində birinci kurs tələbələrini təbrik edib, onlara gələcək təhsil illərində müvəffəqiyyətlər arzuladı və tələbələri Erasmus kimi beynəlxalq layihələrdə fəal iştirak etməyə çağırdı.
Sonda digər dekan və kafedra müdirləri tərəfindən tələbələrin sualları cavablandırıldı.



