8 may 2025-ci il
8 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ruh-ül-Ərvah” adlanan təntənəli konsert keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər Fondu , Bakı Musiqi Akademiyası ????, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirə başlamadan öncə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını qonaqlara çatdırdı. Sonra Ümummilli lider Heydər Əliyevin müdrik siyasətindən bəhs edib, görkəmli şəxsiyyətin incəsənət xadimlərinə, musiqiçilərə göstərdiyi diqqət və qayğıdan söz açdı.
N.Quliyeva tədbirin təşkil olunmasında bütün iştirakçılara, xüsusilə də BMA-nın TGT-nın sədri Fidan Əliyarzadəyə dərin təşəkkürünü bildirdi.
Ardınca söz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Rəşad Zeynalova və İcraçı direktorun müavini vəzifəsini icra edən və şöbə müdiri Yusif Vəliyevə verildi.
Sonra tamaşaçılara bədii hissə təqdim olundu.
Zəngin konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Milli Konservatoriyanın tələbələri çıxış edərək, dinləyicilərin zövqünü oxşadılar.
Konsert gecəsi hər kəs tərəfindən böyük coşqu ilə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.