• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 sentyabr  2025-ci il 

    Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamı keçirildi

    Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdi. 

    Orkestrin dirijoru Xalq artisti, professor Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir. 

    Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri:

    “Koroğlu” operasından Uvertura,

    “Arşın mal alan” operettasından Gülçöhrənin və Əsgərin dueti (ifa edirlər:Şöhrət İsmayılov və Elen İmamyarlı), 

    “Arşın mal alan” operettasından Gülçöhrənin naləsi (ifa edir: Elen İmamyarlı),

    “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası “Aşiq oldum” (ifa edir:Aysun Mahmudzadə);

    dünya musiqi xəzinəsinin incilərindən Feliks Mendelsonun Simfoniya N.4 “İtalyan simfoniyası” səsləndirildi. 

    Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidə keçirilən bu tədbir həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin yenidən səslənməsinə işarədir.

    Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. 

    Qeyd edək ki, konsert proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli Məclisin deputatı Polad Bülbüloğlu,  həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək, Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsini möcüzə adlandırdılar. Onlar bildiriblər ki, bu, azad Xankəndidə keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.

    Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də  Şuşa şəhərində də davam etdiriləcək.