• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr  2025-ci il 

    Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşa şəhərində möhtəşəm musiqi axşamı keçirildi

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 sentyabr tarixində Şuşa şəhərində  keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdi. 

    Orkestrin dirijoru Xalq artisti, professor Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir. 

    Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri:

    “Koroğlu” operasından Uvertura,

    “Arşın mal alan” operettasından Gülçöhrənin və Əsgərin dueti (ifa edirlər:Şöhrət İsmayılov və Elen İmamyarlı), 

    “Arşın mal alan” operettasından Gülçöhrənin naləsi (ifa edir: Elen İmamyarlı),

    “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası “Aşiq oldum” (ifa edir:Aysun Mahmudzadə);

    dünya musiqi xəzinəsinin incilərindən Feliks Mendelsonun Simfoniya N.4 “İtalyan simfoniyası” səsləndirildi. 

    Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Şuşada keçirilən bu tədbir həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Şuşada belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin səslənməsinə işarədir.

    Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. 

    Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşdü və bildirdi ki, doğma Şuşada olmağın, bu şəhərdə belə  konsertlərin keçirilməsi böyük qürur hissi doğurur.

    Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatı Polad Bülbüloğlu,  rəsmilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər.