25 dekabr 2025-ci il
BMA-nın İxtisas musiqi məktəb-studiyasında ilin yekun konserti
25 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın İxtisas musiqi məktəb-studiyası şagirdlərinin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramına həsr olunmuş konserti keçirildi. Bayram əhval-ruhiyyəsi ilə müşayiət olunan bu musiqi axşamı Məktəb-studiyanın bu yarım il ərzində həyata keçirdiyi zəngin yaradıcılıq fəaliyyətinin parlaq yekunu kimi yadda qaldı.
Əsası görkəmli alim, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov tərəfindən qoyulmuş, innovativ tədris yanaşmaları, bədii-estetik dəyərlərə söykənən və yaradıcılıq mühiti ilə seçilən İxtisas musiqi məktəb-studiyası bu gün də Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədova tərəfindən uğurla davam etdirilir və yenilikçi layihələrlə ön sıralarda qərarlaşır.
Tədbir Məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva tərəfindən açıq elan edildi. Təqdim olunan proqram Azərbaycan və dünya musiqi mədəniyyətinin klassik və müasir nümunələrini əhatə edirdi. Konsertdə Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov və digər müəlliflərin əsərləri ilə yanaşı, Avropa musiqi irsini təmsil edən bəstəkarların əsərləri də səsləndirildi.
Şagirdlər fortepiano, violin, fleyta, saksofon, trombon kimi alətlərdə çıxış edərək bu il ərzində qazandıqları texniki bacarıqlarını, musiqi təfəkkürü və səhnə mədəniyyətlərini nümayiş etdirdilər. Konsert proqramında həm aşağı, həm də yuxarı sinif şagirdlərinin çıxışları yer aldı. Hər bir çıxışdan sonra gənc ifaçılara xatirə hədiyyələri təqdim olundu ki, bu da konsertin bayram ovqatını daha da gücləndirdi.
Tədbirdə pianoçular – Aeliya Məhərrəmova, Əminə Hüseynli, Emiliya Ocadova (Əməkdar müəllim – Kamilla Əmirovanın sinfi); Safiya Əhmədova (Əməkdar müəllim, dos. Mədinə Tuayevanın sinfi); Alisia Qroylix, Safiya Zeynalova, Selcan Əşrəfzadə, Nadir Qasımlı (müəllim – dos. Sevda Məmmədovanın sinfi); Mehriban Abbaslı (Əməkdar müəllim – Ayşa Əliyeva); Xədicə Suleimanova, Leyla Salayeva, Sabir Rüstəmxanlı, Safira Bayramova (müəllim – Nərminə Əliverdi-zadənin sinfi); Sünbül Şabanlalə, Uğur Həşimzadə, Gülay Məmmədzadə (müəllim – Anna İsrafilovanın sinfi); Minaxanım Mirzəbəyli (müəllim – dos. Sevinc Sultanovanın sinfi); Cəmil Həsənli, Ulduzə Hacıyeva, Həcər Əsədullayeva, Mehdi Kərimli, Rauf Bağırzadə (müəllim – Nuranə Zeynalovanın sinfi) musiqi əsərlərini təqdim etdilər.
Rəngarəng ifaları ilə seçilən şagirdlər arasında digər ixtisaslar üzrə də yadda qalan çıxışlar oldu. Belə ki, violin ifaçıları – Səid Əfəndizadə (müəllim – prof. Məleykə Əhədzadənin sinfi), Aylin Məhərrəmli (müəllim – Arzu Rzayevanın sinfi), Emiliya Mirzəzadə (müəllim – Nairə Qulamovanın sinfi); fleytada – Mixail Tyurin (müəllim – Rəşad Abdullayevin sinfi); saksofonda – Ruslan Suleimanov (Əməkdar mədəniyyət işçisi Zaman Həsənovun sinfi); trombonda – Elşad Məmmədli; vokal ifaçıları – Rasim Əfəndiyev, Aysel Ələkbərli (müəllim – Ofeliya Axundovanın sinfi) dinləyicilərin rəğbətini qazandılar.
İlin yekun konsertində səhnəyə çıxan hər bir şagird öz ifası ilə müəllimlərinin zəhmətini və musiqi sənətinə olan dərin bağlılığını nümayiş etdirdi. Bayram konserti məktəbin yaradıcılıq uğurları və gələcək hədəfləri ilə ümumiləşdi.
Beləliklə, BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşkil etdiyi bayram konserti bir daha sübut etdi ki, bu tədris müəssisəsi gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqi yoluna hazırlanması və milli musiqi mədəniyyətinin davamlı inkişafı baxımından mühüm rol oynayır.
Ləman Əsədova
Üzeyir Hacıbəyli adına BMA-nın
İxtisas musiqi məktəb-studiyasının
kiçik elmi işçisi, musiqişünas

