28 aprel 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirildi.
28 aprel tarixində Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş “Əbədi xatirə” adlı möhtəşəm konsert proqramı baş tutdu.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli görkəmli alim, nüfuzlu oftalmoloq Zərifə Əliyevanın zəngin elmi irsindən, humanist şəxsiyyətindən və Azərbaycan tibb elminə bəxş etdiyi misilsiz töhfələrdən dərin ehtiramla bəhs etdi.
Tədbir elmə və insanlığa dərin töhfələr vermiş böyük şəxsiyyətin xatirəsinə ehtiram ruhunda keçdi. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları – Aynur İsgəndərli, Mahir Tağızadə, Hüseyn Nağıyev, Mirəli Əlizadə, Mehdi Sadıqzadə, Əli Talıbov, Cavad Məmmədsadıq, Elçin Məmmədov, Səriyyə Ağakişiyeva və Ayşə Məmmədova çıxış edərək tamaşaçılara unudulmaz musiqi anları yaşatdılar.
“Detaşe” violinoçular ansamblı (bədii rəhbər – Xalq artisti Zəhra Quliyeva) və “SABAH” xoru (bədii rəhbər və dirijor – Dmitri Babayev) gecəyə xüsusi rəng qataraq yüksək peşəkarlıq nümayiş etdirdilər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi və zalı dolduran tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Bu konsert bir daha sübut etdi ki, böyük şəxsiyyətlərin xatirəsi sənətin dili ilə yaşayır və gələcək nəsillərə ötürülür.




