12 may tarixində Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq və respublika müsabiqələri laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Fəridə Əhmədbəyovanın yaradıcılıq və pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Musiqi gecəsi səhnədə və zalda sənətkarın ən yaxın dostlarını, həmkarlarını və onun istedadının pərəstişkarlarını bir araya toplamışdır.. Konsert proqramı Fəridə xanımın özünün, eləcə də onun sinfinin tələbə və məzunlarının — həm ən gənc, həm də artıq tanınmış ifaçıların təqdimatında səslənmişdir.
Tədbirin aparıcısı — sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının baş müəllimi Alyona İnyakina Fəridə xanımın yaradıcılıq fəaliyyətinin əsas istiqamətləri, mühüm mərhələləri və nailiyyətləri haqqında məlumat vermişdir.
Musiqi gecəsi zamanı Azərbaycan və xarici bəstəkarların solo və ansambl əsərləri Beynəlxalq və Respublika müsabiqələri laureatları — BMA-nın baş müəllimi Zərif Kərimova, ADA Universitetinin assistat professoru Humay Qasımzadə, BMA tələbələri — Səbinə Həsənzadə, Cahan Hacıxanlı, Nərmin Günəşova, Leyla Salamova, Qəmər Mehdiyeva, Hüseyn Rzayev, Sara Maçrik, Fidan Musayeva, Fərid Hüseynov, Özcən Cabbari, Əsmər Alxazova, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Cəlalə İsmayılzadə və İnci Abbasovanın ifasında səslənmişdir.
Fəridə xanım üçün musiqili sürpriz isə T.Quliyev adına 12 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri, onun nəvələri Fəridə və Xədicə Nazarovaların səhnə çıxışları olmuşdur.
Konsert iştirakçılarının bütün çıxışları foto-təqdimatla müşayiət olunmuşdur. Həmçinin tamaşaçılara F.Əhmədbəyovanın arxiv video-çıxışları təqdim edilmişdir.



