26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün xatirəsi” adlı möhtəşəm konsert proqramı keçirildi.
Musiqi sənətinə həsr olunmuş zəngin və mənalı bir ömrün bədii salnaməsinə çevrilən bu gecə yüksək sənət ab-havası və duyğusal anlarla yadda qaldı.
Tədbirə başlamadan öncə BMA-nın professoru Könül Hüseynova ön sözlə çıxış etdi. O, Nailə İbrahimovanın uzun illər ərzində Azərbaycan musiqi təhsilinin inkişafına verdiyi töhfələr, yetişdirdiyi istedadlı musiqiçilər və sənətə olan sonsuz sevgisini xüsusi ehtiramla vurğuladı.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edərək klassik musiqinin ən gözəl nümunələrini tamaşaçılara təqdim etdilər. Xarici, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət proqram dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Hər bir ifa peşəkarlığı, musiqi duyumu və səhnə mədəniyyəti ilə seçilərək gecəyə xüsusi rəng qatdı.
“Konsertmeyster ustalığı” kafedrasının təşkil etdiyi bu yubiley gecəsi müəllim və tələbə münasibətlərinin, sənətə sədaqətin və musiqinin birləşdirici gücünün parlaq təcəssümünə çevrildi.
Səhnədə çıxış edən gənc və istedadlı musiqiçilərin ifaları yubilyarın zəngin pedaqoji fəaliyyətinə verilən ən gözəl sənət töhfəsi oldu. Musiqi ilə yoğrulan bu duyğulu axşam tamaşaçıların yaddaşında dərin iz buraxaraq uzun sürən alqışlarla başa çatdı.
“Bir ömrün xatirəsi” yalnız yubiley konserti deyil, həm də sənətə həsr olunmuş şərəfli bir ömrün, musiqiyə bəslənən sonsuz sevginin və müəllim fədakarlığının təntənəsi kimi yadda qaldı.




