23 iyun 2026-cı il
İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Hökümə xanım Əliyevanın tələbəlrinin konserti keçirildi. Ənənəvi olaraq. Konsert Ustad-Şagird ənənəsi məcrasında reallaşan növbəti uğurlu bir layihə idi. Hökümə xanım neçə-neçə istedadlı violin ifaçısı aşkarlayıb, boya-başa çatdırmaq istiqamətində çalışıb. Zəhmətinin bəhrəsi də göz qabağında. Onun yetirmələri Azərbaycanın ən tanınmış musiqi kollektivlərinin heyətində yer alıblar, solo konsertlər də verirlər. Artıq tanınırlar. Dünənki konsert bu barədə çox şey dedi. Proqram - al-əlvan, ifalar - fərqli, sevgi - sənətə, musiqiyə - ümumi və yenilməz. Violin repertuarının Paqanini, Sen-Sans, Sarasate kimi müntəxabati nümunələri də var idi, yeni əsərlər də (Javanşir Quliyevin məxsusi bu konsert üçün orkestrləşdirdiyi "Kipr süitası"). Sonda A.Şnitkenin işarəvi 1 saylı Concerto grosso-sunun final hissəsi də səsləndi. Və xatirələr baş qaldırdı...
Yaydır, istidir, tədris ilinin sonudur - yorğunuq. Amma yorğun olsaq da, əzmimiz səngimir. Hökümə xanımın əzmi və enerjisi - heyrətamiz. Musiqi adamıdır. Müəllimdir. Himayədardır. Tələbələri - övladlarıdır. Yeri gəlmişkən, öz övladlarını da eşitdik. Nəvəsini, bəstəkar oğlu Ata Əliyevin əsərini. Hamısı birlikdə vahid ailə. Sonda Hökümə xanım bir-bir öz tələbələrini qürurla təqdim etdi. Konserti Violin sənətinin əzəmətini və cazibədarlığını əyani sərgilədi.
Cavan musiqiçiləri əfsanəvi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri müşayiət edirdi. Orkestri Cavad Tağızadə idarə edirdi. Konsertdən öncə Leyla Zöhrabova H.Əliyevanın fəaliyyəti haqda dolğun məlumat verdi. Sonda da bu sətirlərin müəllifi bəzi təəssüratları ilə paylaşdı.
Yekun olaraq gənclərimizə ancaq yeni-yeni uğurlar diləmək istərdim! Yolunuz açıq olsun! Ustadınızın dəstəyi ilə - üzü zirvəyə!


