1 iyul 2026-cı il
Məzun günü – 2026
Bu il Bakı Musiqi Akademiyasının Məzun Günü təkcə növbəti məzun buraxılışı deyil, həm də Akademiyanın tarixinə qızıl hərflərlə yazılacaq bir hadisə ilə yadda qaldı.
İlk dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!
Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasındakı “Əhdnamə” musiqisi əsasında hazırlanan BMA Himni bu gündən etibarən Akademiyanın musiqi rəmzi kimi öz həyat yoluna başlayacaq. Bu tarixi ilk ifa isə məhz 2026-cı ilin məzunlarına həvalə olunub. Bu, hər bir məzun üçün böyük şərəf və unudulmaz məsuliyyətdir.
Tədbirdə Akademiyanın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, məzunları təbrik edərək onlara gələcək yaradıcılıq yollarında uğurlar arzuladı.
Ardınca Xalq Artisti, Akademiyanın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, BMA-nın beynəlxalq uğurlarından və məzunların gələcək məsuliyyətindən danışdı.
Sonra aparıcı, BMA-da Vokal ixtisası üzrə təhsil alan Atilla Məmmədli hər kəsi Akademiyanın 105 illik tarixinə həsr olunmuş filmə baxmağa dəvət etdi.
Qeyd edək ki, məzunlar, müəllim heyəti, qonaqlar, valideynlər, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov mərasimdə qonaq qismində iştirak edirdilər.
Tədbirdə “Musiqişünaslıq” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vuran, beynəlxalq konfransların iştirakçısı Şəhla Cəlilova məzunlar adından çıxış etdi.
Mərasim məzunların təqdim etdiyi zəngin konsert proqramı ilə davam etdi. Fortepiano, vokal, bəstəkarlıq və nəfəs alətləri üzrə istedadlı məzunların ifasında dünya və Azərbaycan musiqisinin seçilmiş inciləri səsləndirildi:
Granados “Maxa və Bülbül”
(İfa etdi: Fortepiano ixtisası üzrə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Qəmər Mehdiyeva); Q.Donisetti “Alay qızı” operasından Mariyanın ariyası
(İfa etdi: İfaçılıq fakültəsini vokal sənəti ixtisası üzrəbakalavr səviyyəsini bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Aysun Mahmudzadə; Müşayiət etdi: Məryəm Məmmədova); Bakalavr səviyyəsini bəstəkarlıq ixtisası üzrə bitirən məzun, İran İslam
Respublikası vətəndaşı Arsalan Navab Moghadamın fortepiano üçün sonatasının 2-ci hissəsi səsləndirildi(İfa etdi: BMA-nın 1-ci kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ərtoğrul Balayev); Alain Crepin “Nuits blanches” (İfa etdi: İfaçılıq fakültəsini saksofon ixtisası üzrəbakalavr səviyyəsini bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Elvin Salmanlı saksofon, Müşayiət etdi: Məmmədova Pəri);
Albert Lavignac “Galop-Marche” (8 əl üçün)
(İfa etdilər: Fortepiano ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar, beynəlxalq müsabiqələr laureatları Gülsarə Bağırova, Fidan Əmirova, Fidan Novruzova).
Konsertdən sonra yüksək akademik göstəricilər qazanan məzunların diplomlarının təltifetmə mərasimi baş tutdu. Diplomları təqdim etmək üçün səhnəyə BMA-nın rəhbər heyəti – professor Nərminə Quliyeva, professor Gülnaz Abdullazadə, eləcə də fakültə dekanları – professor Nəzakət Rimazi, professor Nəzmiyyə Abbaszadə professor Gülzar Mahmudova dəvət olundular.
Mərasimdə həm bakalavr, həm də magistratura pilləsini bitirən məzunlara diplomlar təqdim edildi və onların universitet həyatı ilə rəsmi vidası qeyd olundu. Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.
Bu gün sadəcə diplomların təqdim olunduğu bir gün deyil. Bu gün illərin zəhmətinin, sənətə sevginin, müəllim əməyinin və Üzeyir Hacıbəyli ənənələrinin yeni nəslə ötürüldüyü əlamətdar gündür.
“Sizin musiqiniz gələcəyimizin harmoniyasıdır!”