30 iyun 2026-cı il
Məktəb – studiya şagirdlərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə töhfəsi
30 iyun 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konserti keçirildi.
Milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və yüksək musiqi mədəniyyətinin təbliğini özündə ehtiva edən tədbir dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Konsert proqramında klassik və milli musiqi nümunələri səsləndirildi, gənc ifaçıların peşəkar hazırlığı və yaradıcılıq potensialı bir daha öz təsdiqini tapdı.
Proqramın əsas hissəsini fortepiano ifaçıları təşkil edirdi. Əməkdar müəllim, dosent Mədinə Tuayevanın sinfinin şagirdi Mədinə Musayeva, dosent Sevda Məmmədovanın sinfinin şagirdi Əminə Məmmədova, Nərminə Əliverdi-zadənin sinfinin şagirdləri Xədicə Süleymanova, Cəmilə Süleymanova, Leyla Salayeva və Safira Bayramova, eləcə də Anna İsrafilovanın sinfində təhsil alan Sünbül Şabanlalə, Uğur Həşimzadə və Gülay Məmmədzadə müxtəlif üslub və dövrləri əhatə edən əsərləri yüksək peşəkarlıqla təqdim etdilər. Onların musiqi mətninə həssas yanaşması, texniki hazırlığı, ifadə vasitələrindən məharətlə istifadə etmələri və səhnə mədəniyyəti dinləyicilərin rəğbətini qazandı. Gənc pianoçuların hər biri ifasında fərdi interpretasiya üslubunu nümayiş etdirərək müəllimlərinin zəhmətini və məktəb-studiyada formalaşan yüksək ifaçılıq ənənələrini layiqincə təcəssüm etdirdi.
Konsertdə violin ixtisası üzrə çıxış edən Xədicə Xəlilova və Aylin Məhərrəmli (müəllim – Arzu Rzayeva), həmçinin Emiliya Mirzəzadə (müəllim – Nairə Qulamova) zərif və emosional ifaları ilə proqramın bədii bütövlüyünü tamamladılar. Gənc violin ifaçıları musiqi əsərlərini incə zövqlə təqdim edərək melodik xəttin ifadəliliyini və obrazlılığını dinləyicilərə ustalıqla çatdırdılar.
Konsertin xüsusi yaddaqalan nömrələrindən biri vokal ifaçısı Aysel Ələkbərlinin (müəllim – Ofeliya Axundovanın sinfi) çıxışı oldu. Gənc ifaçı Azərbaycan kino musiqisinin sevilən incilərindən olan, “Qaynana” bədii filmindən “Məhəbbət çırağı” mahnısını yüksək zövq və peşəkarlıqla səsləndirdi. Onun səhnədəki sərbəst davranışı, artistizmi və səmimi ifa tərzi mahnının bədii-estetik dəyərini dolğun şəkildə üzə çıxardı və zal tərəfindən gur alqışlarla qarşılandı.
Konsert proqramının sonunda məktəb – studiyanın nəzəriyyə şöbəsinin müəllimi Esmiralda Cəbrayılbəyovanın rəhbərliyi altında hazırlanmış 9-cu sinif şagirdlərindən ibarət vokal-instrumental septet parlaq cıxışı ilə tədbirə xüsusi ovqat bəxş etdi. Səkinə Zeynalova, Pərviz Bağırov, Zəminə Seyidova, Cəlalə İsmayılzadə, Məryam Əlizadə, Nigar Əmirullayeva və Əmirhüseyn Əlişanlı səhnədə yüksək ansambl mədəniyyəti, ahəngdar vokal səslənməsi və instrumental müşayiətin vəhdəti ilə seçilən parlaq ifa nümayiş etdirdilər. Gənc musiqiçilərin səhnə enerjisi, kollektiv ruhu və vətənpərvərlik duyğularını özündə əks etdirən emosional təqdimatı konsertə xüsusi təntənə bəxş etdi. Final nömrəsi tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılandı və tədbirin ən yaddaqalan bədii məqamına çevrildi.
Qeyd edək ki, ölkəmizin musiqi təhsil sistemində özünəməxsus mövqeyə malik olan, 50 ilə yaxın şərəfli tarixə sahib BMA-nın İxtisas musiqi məktəb-studiyasının əsası görkəmli alim, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov tərəfindən qoyulmuşdur. 1980-ci ildən fəaliyyət göstərən məktəb-studiya yüksək peşəkarlıq prinsipləri, müasir tədris metodları və zəngin yaradıcılıq mühiti ilə musiqi təhsilimizin inkişafına mühüm töhfələr verir. Professor Tərlan Seyidovun formalaşdırdığı zəngin pedaqoji ənənələr bu gün məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədova tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş bu konsert gənc ifaçıların yaradıcılıq nailiyyətlərinin nümayişi olmaqla yanaşı, BMA-nın İxtisas musiqi məktəb-studiyasında formalaşmış yüksək ifaçılıq məktəbinin və peşəkar musiqi təhsilinin növbəti uğurlu təzahürü kimi yadda qaldı.
Ləman Əsədova
Üzeyir Hacıbəyli adına BMA-nın
İxtisas musiqi məktəb-studiyasının
kiçik elmi işçisi, musiqişünas



