• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2026-cı il 

    2025-2026-cı tədris ilinin bədii yekunu: musiqinin dili ilə...

    Musiqi təhsilində ilin yekunu statistik göstəricilərlə deyil, səhnədə formalaşan sənət təfəkkürü ilə ölçülür. Xüsusilə, əgər bu məqam incəsənətin ən universal sahəsi olan musiqini işarə edirsə... Bu zaman hər ifa, hər musiqi cümləsi ifaçının artan peşəkarlığının, müəllimin isə il boyu “səhnə arxasında” böyük fədakarlıqla gördüyü işin və şagirdlə birlikdə çəkilən zəhmətin bədii hesabatına çevrilir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında keçirimiş İxtisas musiqi məktəb-studiyası şagirdlərinin 2025–2026-cı tədris ilinin yekun konserti də məhz belə bir mənzərə yaratdı.

    Konsert məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərini eyni səhnədə bir araya gətirdi. Fortepiano, violin, vokal, trombon və fleyta ixtisaslarının istedadlı şagirdləri il ərzində qazandıqları ifaçılıq təcrübəsini dinləyicilərlə bölüşdülər. Hər bir ifada yüksək texniki hazırlıqla yanaşı, musiqi mətninin incəliklərinə nüfuz etmək, bədii obrazı inandırıcı şəkildə təqdim etmək və səhnədə sərbəst ifa mədəniyyətinin nümayişi bacarığı diqqət çəkirdi. Tədbirin gənc ulduzları, məktəb-studiyanın təcrübəli pedaqoqlarının – Əməkdar müəllimlər Ayşa Əliyeva, Kamilla Əmirova, dosent Mədinə Tuayeva, habelə müəllimlər – Arzu Rzayeva, Ofeliya Axundova, Rəşad Abdullayev, Əməkdar artist, dosent Vladislav Kuznetsovun yetirmələri – Mehriban Abbaslı (4-cü sinif), Məryəm Axundzadə (6-cı sinif), Pərviz Bağırov (9-cu sinif), Aysel Ələkbərli (8-ci sinif), Cəlalə İsmayılzadə (9-cu sinif), Humay Kəlpizadə (2-ci sinif), Hüseyn Quliyev (8-ci sinif), Leyla Mahmudlu (5-ci sinif), Elşad Məmmədli (3-cü sinif), Araş Seyfpur (6-cı sinif), Zəminə Seyidova (9-cu sinif) və Leyla Yolçuzadə (4-cü sinif) müxtəlif dövrləri və musiqi üslublarını əhatə edən, rəngarəng emosional çalarları və bədii-estetik xüsusiyyətləri özündə cəmləşdirən əsərlərlə müvəffəqiyyətlə çıxış etdilər. Proqramın düşünülmüş dramaturji ardıcıllığı, fərqli əsərlərin bir-birini təbii şəkildə tamamlaması konsertə daxili dinamika və bədii bütövlük qazandırırdı.

    Violin ixtisası üzrə 2-ci sinif şagirdi Kəlpizadə Humay (Arzu Rzayevanın sinfi) Antonio Vivaldinin a moll Konsertinin (I hissə) öhdəsindən uğurla gəldi. İnamlı ifa və səhnə mədəniyyəti Beynəlxalq və Respublika müsabiqələr laureatı Humayın yaşına baxmayaraq formalaşmaqda olan peşəkar ifaçılıq keyfiyyətlərini aydın nümayiş etdirirdi.

    Əməkdar müəllim, dosent Mədinə Tuayevanın şagirdi Pərviz Bağırov (9-cu sinif) pianoçu Emil Əfrasiyabın yaradıcılığından “Parafraz”ı ifa edirdi. Dahi Üzeyir Hacıbəylinin yaradıcılığından seçilmiş ən gözəl melodik mövzular əsasında qurulan bu kompozisiya milli musiqi irsinin zəngin intonasiya dünyasını müasir fortepiano təfəkkürü ilə üzvi şəkildə birləşdirir. Müəllif tanınmış melodiyalara yeni bədii məzmun qazandıraraq onları parlaq virtuoz faktura, sərbəst inkişaf və bütöv dramaturji xətt daxilində yenidən təqdim edir. Gənc və potensiallı ifaçı Pərviz Bağırov əsərin mürəkkəb fakturasını texniki dəqiqliklə təqdim etməklə yanaşı, Hacıbəyli melodiyalarının zəngin ruhunu və emosional dərinliyini həssas interpretasiya ilə dinləyiciyə çatdırmağa müyəssər oldu.

    Tədbirin diqqətəlayiq məqamlarından biri də məktəbimizin çoxillik təcrübəyə malik pedaqoqu, musiqişünas Esmiralda Cəbrayılbəyovanın bədii rəhbərliyi ilə çıxış edən vokal-instrumental septetin çıxışı oldu. Georq Hendelin “Su üzərində musiqi” süitasından Menuet (sol minor) barokko musiqisinə xas zəriflik, nəcib təmkin və incə lirizmi təcəssüm etdirməklə dinləyici auditoriyasını xoş atmosferə bürüdü. İxtisas musiqi məktəb-studiyanın 9-cu sinif şagirdləri – Pərviz Bağırov, Məryəm Əlizadə, Nigar Əmirullayeva, Cəlalə İsmayılzadə, Zəminə Seyidova, Səkinə Zeynalova və violin ifaçısı Əmirhüseyn Əlişanlı ansambl mədəniyyətini, qarşılıqlı dinləmə bacarığını və kollektiv ifaçılığın ahəngini uğurla nümayiş etdirdilər.

    Vurğulamaq gərəkdir ki, yekun konserti yalnız şagirdlərin çıxış etdiyi ənənəvi tədbir kimi dəyərləndirmək doğru olmazdı. Bu səhnədə hər ifanın arxasında aylarla davam edən məşqlər, müəllimlərin zəhməti, valideynlərin dəstəyi və şagirdlərin musiqiyə olan sevgisi görünürdü. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası uzun illərdir ki, Azərbaycan musiqi təhsilinin ənənələrini müasir yanaşmalarla birləşdirərək yeni ifaçı nəslinin formalaşmasına töhfə verir. 2025–2026-cı tədris ilinin yekun konserti də göstərdi ki, burada əldə olunan nailiyyətlər yalnız öyrənilən proqramın nəticəsi deyil, musiqi mədəniyyətinin gələcəyinə qoyulan etibarlı sərmayədir.

    Günay MƏHYƏDDİNLİ

    BMA-nın İxtisas musiqi məktəb-studiyasının

    elmi işçisi, musiqişünas