• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 iyun 2026-cı il 

    27 İyun tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" və "Klassik musiqi zamanı" layihələri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Klassikdən müasirliyə" adlı konsert proqramı keçirilib.

    Tədbirin aparıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Alyona İnyakina ifa olunan əsərlərin maraqlı yaranma tarixindən və onların bəstələndiyi dövrün xüsusiyyətlərindən söz açıb.
    Konsert proqramında  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xor Kapellasının artisti Elyar Əliyev, BMA-nın baş müəllimi Nərminə Hacızadə, Nərgiz Məmmədova, həmçinin BMA-nın tələbələri - Əli Vəliyev (dosent Gülnarə Mirzəyevanın sinfi), Nəzrin Məmmədli, Zeynəbxanım Hüseynzadə, Mahmud Rəştiyev və Fatimə Məmmədova (baş müəllim Sevda Yolçuyevanın sinfi), Fatimə Axundova, Şamistan Əliyev və Amin Heydərov (baş müəllim Nərminə Hacızadənin sinfi) çıxış ediblər.
    Konsertdə müxtəlif tarixi dövrləri əhatə edən bəstəkarların - Lüdviq van Bethoven, Robert Şuman, Yohannes Brams, Kamil Sen-Sans, Sezar Küi, Nikolay Rimski-Korsakov, Jül Massenet, Fransis Pulenk, Sergey Prokofyev, Qara Qarayev, Jül Muke, Françesko Paolo Tosti, Vinçenso di Kyar və Vladimir Vavilovun solo, ansambl, kamera-vokal və kamera-instrumental əsərləri tamaşaçılara təqdim olunub.

    Tədbir tamaşaçıların böyük marağı və  gur alqışları ilə müşayiət olunub.