• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 sentyabr 2026-cı il 

    Laçında “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

    23 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilati dəstəyi ilə Laçın şəhərində “Qarabağ Gecəsi – Laçın” adlı xeyriyyə konserti keçirilib.
    Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Laçın rayonunun sakinləri iştirak ediblər.
    Tədbirdə salamlama nitqi ilə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq prosesində, xüsusən də Laçının inkişafı və şəhərin mədəni həyatının canlandırılması istiqamətində görülən işlərdən danışıb.
    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək “Qarabağ Gecəsi – Laçın” xeyriyyə konsertinin məqsəd və əhəmiyyətindən bəhs edib, konsert çərçivəsində Fond və onun donor və tərəfdaşlarının adından Laçın şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalının təqdim edildiyini diqqətə çatdırıb.
    Daha sonra Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ Gecəsi – Laçın” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq qeyd edib.
    Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və Yeganə Axundova, Əməkdar artist Emil Əfrasiyab (piano), Nəzrin Aslanlı (violin), solistlər Mahir Tağızadə (bariton) və Aysun Mahmudzadə (soprano) konsert zamanı dinləyicilərə unudulmaz musiqi anları bəxş ediblər.