1 oktyabr 2026-cı il
Oktyabrın 1-də 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Beynəlxalq Musiqi Gününün əhəmiyyətindən, Qara Qarayevin ev-muzeyinin yaradılması tarixindən və fəaliyyətindən, dahi bəstəkarın dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən və yaradıcılıq mövqeyindən bəhs edib.
Tədbir çərçivəsində muzeyin direktoru Alla Bayramova Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırovanın muzeyə ünvanladığı məktubu iştirakçılar üçün səsləndirib.
Həmçinin Alla Bayramova İtaliyanın Piemont regionunda yerləşən Kassine şəhərində “Palazzo Mandrilli” qalereyası tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna XIX-XX əsrlərə aid dörd orijinal musiqi nəşrinin hədiyyə edildiyini vurğulayıb.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Xədicə Hacılı (violin), respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin İmanova (fleyta), (fortepiano), Sadiq Heybətov (truba) və Aysun Mahmudzadə (vokal), Zümrüd Əlizadə (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi), Nərgiz Vəlizadə (Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mirbabayeva), Əli Vəliyev, Ərtoğrul Balayev, Fərid Hüseynov, Mehin Zalıyeva (Əməkdar müəllim, III dərəcəli “Əmək” ordenli professor Gülnarə Acalova), Emir Bayramzadə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları
Nəbi Uğur (fortepiano), Nuray Şahməmmədli (fortepiano) və Aydan Yeşildağın (fortepiano) ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.
Konsert proqramının təşkilatçıları Gülnarə Acalova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadədir.
Tədbir çərçivəsində Qara Qarayevin ev-muzeyinin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub.
Tədbirin sonunda Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə muzeyin rəhbərliyinə və əməkdaşlarına, müəllimlərə təşəkkürünü bildirib.




