6 noyabr 2026-cı il
Qəlblərdə yaşayan qələbə. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Məktəb-studiya şagirdlərinin Zəfər gününə həsr olunmuş konserti keçirilib.
Zəfərimiz – qanımız,
Zəfər – elin fəxridir.
Unutmasın xalqımız
Qələbə – əbədidir.
Tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü xalqımızın milli qürurunu, birliyini və Vətənə sonsuz bağlılığını təcəssüm etdirən əlamətdar tarixdir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub. Hər il bu möhtəşəm Zəfər ölkəmizdə müxtəlif mədəni-kütləvi tədbirlər, konsert proqramları və sənət nümunələri ilə qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın təşəbbüsü ilətəşkil olunan növbəti tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutmuşdur.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq iştirakçıları salamlayıb, Məktəb-studiyanın rəhbərliyinə təşəkkürünü bildirib və gənc ifaçılara uğurlar arzulayıb. O, vurğulayıb ki, bayram ərəfəsində Muzeydə Bakı Musiqi Akademiyası ilə bir sıra tədbirlər baş tutub. Bu günkü konsert də həmin konsertlər silsiləsinin uğurlu davamıdır.
Daha sonra tədbir Məktəb-studiyanın böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyevanın Zəfər günü bayramına həsr olunmuş məruzəsi ilə davam etdirildi. O, Zəfər Gününün tarixi əhəmiyyətindən, bu möhtəşəm Qələbənin Azərbaycan xalqının dili, dini, mədəniyyəti və milli dəyərlərinin qorunmasına təsirindən bəhs etdi.Eyni zamanda qeyd olundu ki, Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin təntənəsi olmaqla yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbənin təcəssümüdür. Tədbir gedişatında Şəhidlərimizin əziz ruhu anıldı, onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı ehtiramla vurğulandı. Şəfəq xanım xüsusən vurğuladı ki, bu möhtəşəm Zəfər vaxtı ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Çıxışının sonunda məruzəçi ötən il, məhz bu ərəfədə Məktəb-studiya kollektivinin respublikada ilk musiqi məktəbi olaraq Zəfər Gününə həsr olunmuş konsert proqramı ilə Xankəndi şəhəri Qarabağ Universitetinin İncəsənət fakültəsində çıxış etdiyini xatırlatdı. Sözsüz ki, bu mötəbər ali təhsil ocağında, doğma Qarabağ torpağında sənətimizi təqdim etmək hər birimizə azərbaycanlı kimi böyük sevinc və qürur hissi bəxş etmişdir. Son olaraq, cari tədbirin keçirilməsində dəstək olduqlarına görə Muzeyin direktoru Alla Bayramova və onun kollektivinə xüsusi təşəkkür bildirildi.
Konsert proqramında Məktəb-studiyanın müxtəlif sinif şagirdləri Azərbaycan və xarici bəstəkarlarının əsərlərini təqdim etdilər. Gənc ifaçıların təqdimatında fortepiano, violin, trombon, fleyta və ksilofon üçün əsərlər, eləcə də vokal nümunələri səslənərək konsertə rəngarəng ab-hava qatdı.
Proqramda Məktəb-studiyanın fəortepiano ixtisası üzrə təhsil alan şagirdlərinin ifaları xüsusilə vurğulanmalıdır. Əməkdar müəllim Kamilla Əmirovanın şagirdləri – Aysel Rəhimli Ferens Listin «Sevgi xəyalları», Hüseyn Quliyev Fikrət Əmirovun Variasiyalarını, Cəlalə İsmayılzadə isə Zakir Bağırovun «Kukla tamaşası» süitasından «Fakir»i özünəməxsus tərzdə, yüksək səviyyədə dinləyicilərə təqdim etdilər. Əməkdar müəllim, dosent Mədinə Tuayevanın sinfinin nümayəndələri – Məryəm Axundzadə Qara Qarayevin lya minor sonatinasının III hissəsini, Araş Seyfpour bəstəkarın «Don Kixot» simfonik qravürlərindən «Səyahət» əsərini həm texniki, həm obraz cəhətdən yüksək peşəkarlıqla nümayiş etdilər. Beynəlxalq müsabiqələr laureatı Anna İsrafilovanın şagirdi Uğur Həşimzadə pianoçular arasında ən kiçik olduğuna baxmayaraq Frederik Şopenin 11 №-li Polonezini çox duyğulu və məharətlə ifa etdi.
Konsertin maraqlı və rəngarəng məqamlarından biri də «Orkestr alətləri» şöbəsinin şagirdlərinin çıxışları oldu. Violin ifaçıları Humay Kəlpizadə (müəllim – Arzu Rzayeva) Antonio Vivaldinin lya minor Konsertini (I hissə) və Səriyyə Axundsoy (müəllim – dosent Gülnarə Quliyeva) Luidji Bokkerinin Menuetini, Elşad Məmmədli (müəllim – Əməkdar artist Vladimir Kuznetsov) trombonda Dmitri Şostakoviçin «Rəqs» əsərini, Şövkət Nurəli (müəllim – Rəhilə Nəzərova) fleytada Tofiq Quliyevin «Səhər mahnısı»nı, Miraqil Mirzəzadə (müəllim – Firuz Hüseynov) isə ksilofondaCövdət Hacıyevin «Skertso»sunu ifa edərək musiqi zövqlərini və ifaçılıq bacarıqlarını nümayiş etdirdilər.
Konsert proqramının yekununda “Vokal” ixtisası üzrətəhsil alan Hüseyn Həsənpur (müəllim – Ofeliya Axundova) məlahətli və geniş diapazonlu səsi ilə Tofiq Quliyevin «Azərbaycan» mahnısını ifa edib. Vətənə məhəbbət və milli qürur duyğularını tərənnüm edən bu musiqi nömrəsi tədbirə təntənəli və yaddaqalan sonluq bəxş etdi.
Konsert proqramı gənc ifaçıların musiqi bacarıqlarının, səhnə mədəniyyətinin və ifaçılıq potensialının nümayişi ilə yadda qaldı. Tədbir bir daha təsdiq etdi ki, Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və Zəfər qüruru musiqi sənətində də öz parlaq ifadəsini tapır.
Bu gün biz Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qazanılmış Qələbənin qürurunu yaşayır, bu tarixi irsi gələcək nəsillərə çatdırmağı özümüzə mənəvi borc hesab edirik.
Aytən BAXŞİYEVA
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
İxtisas musiqi məktəb-studiyasının
elmi-metodiki işlər üzrə direktor müavini,
sənətşünaslıq üzrə fəlsəfə doktoru




