10 yanvar 2025-ci il
Azərbaycan xalqının şifahi-ənənli yaradıçılığı mədəniyyətimizin misilsiz sərvətidir və onun tədqiqi hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır.
Bu məqsədlə, Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihə çərçivəsində 10 yanvar 2026-cı il tarixində Ramana kəndinin ziyalıları və sayılıb-seçilən insanları ilə görüş keçirildi. Layihə Bakı ərazisinə məxsus yerli folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi məqsədini daşıyır ki, bu da müasir etnoşünaslıq tədqiqatlarının aktual istiqamətlərindən biridir.
Abşeron yarımadasının qədim yaşayış məskənlərindən biri olan Ramana kəndi zəngin tarixi və mədəni irsi ilə yanaşı, özünəməxsus folklor nümunələri ilə də Azərbaycan xalq mədəniyyətində mühüm yer tutur. Kəndin folkloru nəsildən-nəsilə ötürülən mifoloji düşüncələr, əfsanələr, bayatılar, inanclar, mərasimlər və xalq oyunları vasitəsilə formalaşmışdır. Bu folklor nümunələri Ramana əhalisinin dünyagörüşünü, mənəvi dəyərlərini və tarixi yaddaşını əks etdirir.
Tədbiri giriş sözü ilə açan Nuridə İsmayılzadə qeyd etdi ki, Ramana kəndinin folkloru Azərbaycan xalqının qədim inanclarını, mənəvi dəyərlərini və tarixi yaddaşını yaşadan qiymətli mədəni irs nümunəsidir. Bu folklor həm milli kimliyin qorunmasında, həm də gənc nəslin milli ruhda tərbiyə olunmasında mühüm rol oynayır. Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova Ramana folklor materiallarının Bakı musiqi mühitinin ümumi kontekstində araşdırılması regional üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan yaratdığını və bu məqsıədlə layihə üçün hazırladığı sualları tədbir iştirakçılarına təqdim etdi. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədovanın Ramana kəndində keçirilən görüşün təşkilində xüsusi rolu olmuşdur.
Ramana kəndinin ziyalısı olan tarixçi Xırdaxanım Hüseynova Ramana folklorunda əfsanə və rəvayətlərin xüsusi yer tutduğunu, toy, nişan, adqoyma və yas mərasimlərinin zəngin folklor elementləri ilə müşayiət olunduğunu vurğuladı. O qeyd etdi ki, toylarda ifa edilən yallı, halay və köçəri kimi rəqslər, eləcə də xalq mahnıları və atalar sözləri mərasimin ayrılmaz hissəsidir. X.Hüseynova bildirdi ki, Ramana kəndində bayatılar əsasən sevgi, ayrılıq, vətən və ailə mövzularında yaranmışdır:
Ramana qalası,
Daşı döyər balası,
Sevənlər ayrılmasın,
Qəlbdə qalsın yarası.
Tədbirdə qonaq qismində milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin estetik zövqünün formalaşdırılması və folklor ənənələrinin yaşadılması sahəsində ardıcıl və məqsədyönlü iş aparan mədəniyyət işçisi, R.Axundov adına Mədəniyyət evinin müdiri Afət İbrahimova və Kübar Xanımlar məclisinin rəhbəri Simuzər Bakıxanova iştirak edirdi. Azərbaycan dili və ədəbiyyat müəllimi A.Balayeva, rus dili müəllimi N.Bağırova, ingilis dili müəllimi N.Xəlilova, arxiv işçisi B.Möhübova, neft üzrə mütəxəssislər A.Talıbova, L.Hacıyeva, bələdiyyə işçisi Seyyid Zakir, S.Hüseynzadə Ramana kəndində keçirilən toy mərasimlərinin Azərbaycan xalqının qədim ailə dəyərlərini, mənəvi-əxlaqi normalarını və folklor mədəniyyətini özündə əks etdirdiyini və bu mərasimlərin yalnız iki gəncin ailə qurması kimi deyil, həm də nəsillərarası əlaqələrin möhkəmlənməsi, qohumluq münasibətlərinin formalaşması baxımından böyük əhəmiyyət daşıdığını bildirdilər. Onlar qeyd etdilər ki, Ramana toylarında məşhur xanəndə və musiqiçilər iştirak etmiş, toyun idarə edilməsində isə tanınmış sarpayı Ağacan dayı kənddə sözü keçən, nizam-intizamı sevən, adət-ənənələri yaxşı bilən şəxslərdən biri olmuşdur.
Tədbir çəx maraqlı və yüksək səviyyədə keçdi. Qeyd etmək istəyirəm ki, Ramana kəndində XX əsrin ortalarında fəaliyyət göstərmiş tar dərnəyi kəndin mədəni həyatında çox mühüm rol oynamışdır. Klubda yaradılmış tar dərnəyinin əsas məqsədi xalq çalğı alətlərini, xüsusilə tarı öyrətmək, milli musiqi irsini qorumaq və yeni ifaçı nəslinin yetişdirilməsi idi,
Nəticə etibarilə, Ramana kəndinin folkloru sakinləri tərəfindən böyük hörmətlə yaşadılır və gələcək nəsillərə ötürülür. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının “Bakı musiqi folklru” adlı layihəsinin ekspedisiyaları uğurla işini davam etdirir və ümid edirəm ki, Bakının növbəti kəndlərində də bizi səbirsizliklə gözləyirlər.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının elmi işçisi N.Bayramova

