• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 yanvar 2026-cı il

    Bakı kəndlərinin dar küçələrindən ucalan hər bir xalq nəğməsi, xalqımızın minillik mədəniyyət tarixinə açılan canlı bir pəncərədir.

    31 yanvar 2026-cı il tarixində Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihəyə əsasən Maştağa kəndinin 10 saylı musiqi məktəbinin zalında tədbir keçirildi.

    Tədbirdə  elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, Folklor ənənələrinin yaşadılması sahəsində ardıcıl və məqsədyönlü iş aparan mədəniyyət işçisi, R.Axundov adına Mədəniyyət evinin müdiri Afət İbrahimova,  meyxana ustası Ağamirzə Məmmədov,  Kamil Rzayev, Tofiq Rzayev, İbrahim Məmmədov, Qafar Nuriyev, Kərbəlayı İsmayıl, İlham Azmanlı, Ağanəcəf Qədirov, Abdulxalıq İsayev, xalq çalğı alətləri şöbəsinin müdiri Sərxan Əliyev və elmi tədqiqat laboratoriyasının bir sıra üzvləri iştirak etdilər.

    Maştağa kəndinin zəngin mədəni irsini və çoxəsrlik musiqi ənənələrini layiqincə yaşadan 10 saylı uşaq musiqi məktəbi, bu gün paytaxtın qabaqcıl sənət ocaqlarından biri kimi tanınır. Məktəb, xüsusilə muğam sənəti və milli alət ifaçılığı sahəsindəki güclü müəllim heyəti ilə seçilir ki, bu da "Bakı musiqi folkloru" layihəsinin araşdırdığı yerli musiqi yaddaşının qorunmasında mühüm rol oynayır. Məktəbin divarları arasından ucalan hər bir tar, kaman və qaval səsi, əslində Maştağanın minillik səs tarixinin canlı sənədləşdirilməsidir. Məktəbdə Maştağanın musiqi yaddaşını öz barmaqlarında və səslərində yaşadan gələcəyin parlaq musiqiçiləri yetişməyə davam edir.

    Qədim Maştağa kəndinin toy mədəniyyəti illər boyu qorunub saxlanan dəyərləri özündə yaşadan xalq ənənəsidir. Tədbirdə xınayaxdı mərasimlərinin həzin və lirik ovqatı, eləcə də gəlin gətirdi ayininin özünəməxsus təntənəli ruhu Bakı folklorunun ayrılmaz bir parçası kimi qeyd olundu. Bakı kəndləri üçün toyxana sadəcə musiqi məclisi deyil; o, xalqın sevincini, birliyini və paylaşım ruhunu bir araya gətirən geniş bir sənət məkanıdır. Bu baxımdan, tədbirdə toyxana məclisinin mahiyyətinə və onunla bağlı bir sıra incə məqamlara toxunuldu. Maştağa folklorunun nadir incilərindən olan sarpayı çağırışlarından danışılması isə tədbiri daha fərqli və yadda qalan edən əsas məqamlardan biri oldu.

    Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Süleymanova Ruqiyyə