20 fevral 2026-cı il
20 fevral 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə birgə təşkil olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizə"yə dair müəllim və tələbə heyəti ilə maarifləndirici görüş keçirildi.
Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova “Ağ ölüm” adlandırılan bəşəriyyətin qorxulu kabusu olan Narkomaniyanın zərərlərindən, onun acı nəticələrindən söz açdı. Y.Axundova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunmasını nəzərə çatdırdı.
O, həmçinin dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılı olduğunu, buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin, hər birimizin əsas vəzifəsi olduğunu bildirdi.
Sonra musiqi nömrələri səsləndirildi:
Niyazinin “Rast” simfonik muğamından fraqmentlər (İfa edir: BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Kənan Bağırov
Müşayiət edir: Arzu Səfərova),
Emil Əfrasiyabın “Ü.Hacıbəyli əsərlərinə Parafraz” (İfa edir: BMA-nın I kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ərtoğrul Balayev),
Müslüm Magomayevin “Ey!əziz anam, Azərbaycan!” (İfa edir: BMA-nın 4-cu kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Rauf Məmmədzadə, Müşayiət edir: Şəhla Quliyeva).
Bədii hissədən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki, Vüqar Ağayev insan həyatında ciddi fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan, ən ağrılı ümumbəşər problemlərdən biri olan narkomaniyailə bağlı maarifləndirici söhbətlər aparıb, danışılanları əsaslandıran video-çarxlar tələbələrə nümayiş etdirildi.
